Avropa quruyur: Bu çaylar sürətlə dayazlaşır - Foto
Reyn, Dunay və Po çaylarında suyun səviyyəsi tarixi minimuma çatıb.
Axar.az xəbər verir ki, bu barədə “Döyçe Velle” məlumat yayıb.
Məlumata görə, Dunayın bəzi ərazilərində yük və kruiz gəmiləri artıq keçə bilmir, Macarıstan, Rumıniya və Xorvatiyada isə suyun səviyyəsinin düşməsi səbəbindən batmış gəmilər və avtomobillər yenidən suyun üzünə çıxıb.
Almaniyada Reyn o qədər dayazlaşıb ki, bəzi yerlərdə əvvəllər güclü axın olan yerlərdən indi piyada keçmək mümkündür. İsti su və daha az oksigen balıqların kütləvi şəkildə məhv olma riskini artırır, quraqlıq və yüksək gübrə konsentrasiyası isə yosunların çiçəklənməsinə səbəb olur.
Bundan başqa, içməli su ilə bağlı da problemlər mövcuddur. Çayların səviyyəsinin aşağı düşməsi səbəbindən çirkləndirici maddələrin konsentrasiyası artır və torpaqdan təbii suyun süzülməsi pisləşir.
Artıq Almaniyada çay və dərələrdən suyun istifadəsinə məhdudiyyətlər tətbiq edir. Kölndə qanunu pozanları 50 000 avroya qədər cərimə gözləyir.