Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
Yeni tədris ili yaxınlaşdıqca təhsil sistemində tətbiq olunacaq yeniliklər və dəyişikliklər də maraq kəsb edir. Xüsusilə dərsliklərin məzmunu, məktəb proqramlarının təkmilləşdirilməsi və şagirdlərin müasir tələblərə uyğun bilik və bacarıqlarla təmin olunması məsələləri diqqət çəkir. Bəs yeni tədris ilində dərsliklər və təhsil proqramları ilə bağlı hansı yeniliklər gözlənilir? Mövcud sistemdə hansı dəyişikliklərin aparılmasına ehtiyac var?
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Axar.az-a açıqlamasında bildirib ki, hazırda bizim mövcud tədris proqramımız orta ümumtəhsil məktəblərində ali təhsil müəssisələrinə qəbul olmaq istəyən yuxarı sinif şagirdləri üçün qənaətbəxş deyil.
“9-cu sinfə qədər hər hansı problem yoxdur. Amma yuxarı siniflərdə müəyyən problemlər var və ona görə də bizim yuxarı sinif şagirdlərimiz orta ümumtəhsil məktəblərinə getmək istəmirlər və yaxud da müxtəlif səbəblərdən yayınmağa çalışırlar.
Mütləq tədris sistemi dəyişdirilməlidir. Xüsusilə də yuxarı siniflərdə ali təhsil müəssisələrinin qəbul imtahanına hazırlıq proqramı istiqamətində proqramlaşdırılmalıdır. Bəzi ixtisaslar yuxarı siniflərdə tamamilə çıxarılmalıdır. Bunun yerinə, ixtisas qrupuna uyğun olaraq bölünmələr həyata keçirilməlidir.
Türkiyə modelini buna misal verə bilərəm. Türkiyədə 9-cu sinifdən sonrakı mərhələdə şagirdlər imtahan verirlər və bu imtahana görə bölünürlər: texniki fənlər, humanitar fənlər, dəqiq fənlər. Həmin fənlər istiqamətində artıq tədris proqramları təşkil olunur. Həmin tədris proqramlarına görə “Lise 1”, “Lise 2”, “Lise 3” olur. Onlarda 12 illik təhsil sistemidir. Ali təhsil müəssisələrinə qəbul istiqamətində yuxarı sinif şagirdlərinin tədris proqramı formalaşdırılır və bu istiqamətdə dərs keçilir.
Bizdə hazırda Azərbaycan dili fənnindən və yaxud da riyaziyyatdan nümunə verə bilərəm. Şagird 9-cu sinifdən sonra universitetə hazırlaşır. Azərbaycan dili fənni üzrə 10-cu, 11-ci sinfin tədris proqramı ümumi qəbul proqramının 5-6 faizini təşkil edir.
Yəni 5-ci sinifdən 11-ci sinifə qədər olan qəbul proqramında düşən mövzuların sayı 30-40 arasıdırsa, 10-11-ci sinifdə bunlardan sadəcə 5-6 mövzu keçirilir. Bu da əlbəttə ki, şagirdin universitetə hazırlığı üçün kifayət etmir.
Yuxarı siniflərdə tədris universitetə hazırlıq istiqamətində olmalıdır. Nazirlik tərəfindən indi xüsusi təmayüllü məktəblər, siniflər formalaşdırılır. Gözəl təşəbbüsdür, amma bütün məktəblərə şamil edilməlidir.
Bu sistemə imtahanla sadəcə bəzi şagirdlərin cəlb olunması problemdir. Digər şagirdlər bu proqramdan kənarda qalacaq. Bəs onların vəziyyəti necə olacaq?
Yəni bu, həm müəyyən söz-söhbətlər formalaşdıracaq, həmçinin də bütün şagirdlərə şamil olunmadığı təqdirdə şagirdlər bundan faydalana bilməyəcək. Amma tədris proqramı ümumi olaraq orta ümumtəhsil məktəblərində dəyişilərsə, yuxarı siniflərdə müəyyən müsbət nəticələr əldə etmək olar”, - ekspert vurğulayıb.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.