Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır
Son 20-25 ildə dünyada ən çox manipulyativ mövzulardan biri “iqlim dəyişikliyi” idi – insan övladının ekologiyaya vurduğu ziyanı araşdırıb qarşısını almaqdansa, ekoloji problemləri həll etməkdənsə, dünyanı idarə edənlər insanlığın başını “iqlim dəyişikliyi” şousu ilə qatmağa başladılar.
Axar.az xəbər verir ki, bunu Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.
“İnsanlıq əleyhinə nə varsa, “iqlim dəyişikliyi” ilə mübarizə adı altında həyata keçirməyə başladılar – zavodlar bağlandı, istehsal azaldı, mal-qaralara qarşı “səlib yürüşü” təşkil edildi, insan sayının azaldılması təbliğ və təşviq edilməyə başlanıldı.
Dövlətlərin apardığı bu antiinsani siyasətdə “aktivistlər” ciddi rol oynayırdılar, dünyanın hər yerində savadsız, düşüncəsiz “qretatunberqləri” tapıb, onlara böyük vəsait xərcləyərək öz iyrənc siyasətlərini həyata keçirirdilər. Bütün bunlar həm də ciddi ekoloji problemləri diqqətdən kənarda saxlamağa xidmət edirdi, çünki ekoloji problemlərin həlli insan ömrünü uzadardı, bu “liboş-sola” isə insan lazım deyil. USAİD və digər böyük sponsor fondlar bağlanan, ya da, zəifləyən, maliyyəsi kəsilən kimi “aktivistlər” də buxarlandı, səsləri batdı”, – ekspert qeyd edib.
N.Cəfərlinin sözlərinə görə, bu gün Rusiyanın işğalçı müharibəsi, Ukraynanın özünü qorumaq üçün verdiyi kəskin cavablar ekoloji fəlakətlər yaradır:
“İran və körfəzdə baş verənlər, partlayan bombalar, vurulan neft tankerləri, zəhərlənən dənizlər və su hövzələri, çirklənən hava – bütün bunlar ciddi ekoloji problemlər doğurur. Amma nədənsə, dünyada “liboş-sol” media bunları görmür, “aktivistlər” isə “iqlim dəyişir” deyib, yaxa cırmırlar. Çünki onlar ideoloji deyildilər, sadəcə alət idilər – pulları ödənilən alət.
Bu gün Ukraynada partlayan bombalar, dağıdılan yaşayış yerləri, su anbarları, yanıb külə dönən meşələr, ekoloji fəlakətdir – cavab olaraq Ukraynanın haqlı addımları, Rusiya neftayırma zavodlarını dağıtması, Azov və Qara dənizdə 40-a yaxın neft-mazut dolu gəmiləri vurub-batırması havanı çirkləndirir, dənizləri öldürür. Amma nədənsə, dünənə qədər ekologiya, iqlim deyib hayqıran “qretathunberqlər” buna etiraz etmir, sinələrinə döymürlər, sülh üçün çalışmırlar”.
İqtisadçı bildirib ki, dünyanın yenidən format olunması “sivil toplum” sektorunu da dəyişir və dəyişəcək:
“ABŞ, Avropa Birliyi (AB) ölkələri daha belə qeyri-effektiv və bahalı alətdən istifadə etmək istəmir, çünki bu alətin əsas funksiyalarından biri cəmiyyətlərdə “fikir mühəndisliyi” idi – müasir dünyada bu rolu daha ucuz və effektiv “süni intellekt” həyata keçirir-keçirəcək. Ona görə də, sivil toplum öz orqanik ayarlarına geri dönməli, vətəndaş cəmiyyəti vətəndaşların iştirakçılığını təmin etməlidir – daha sekta kimi dar çevrəyə xidmət etməməlidir. Vətəndaş Cəmiyyəti könül işi olmalı, vətəndaş öz vaxtını, öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir”.