Kəşfiyyat məlumatları var, ruslar Çerniqova hücum edə bilər
Rusiya ordusu Çerniqov vilayətinin ərazisinə hücuma hazırlaşa bilərlər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko məlumat verib.
"Baş Qərargah qeyd edib ki, kəşfiyyat məlumatlarına əsasən, düşmən Çerniqov vilayətindəki Ukrayna sərhədinin bu hissəsindən istifadə edərək işğal cəhdi etməyi planlaşdırır. Hətta bunun üçün kifayət qədər qüvvəsi olmasa belə, nümayiş xarakterli hərəkətlər edərək Ukraynanı bu istiqamətə əlavə qüvvələr cəlb etməyə və onları daha vacib cəbhələrdə istifadə etməməyə məcbur etmək istəyə bilər", – deyə Demçenko vurğulayıb.
Eyni zamanda o əlavə edib ki, hazırda Ukrayna qüvvələri Rusiyanın sərhədin bu hissəsini keçməyə cəhd etdiyini qeydə almır:
"Hazırda düşmənin sərhədi keçməyə çalışan piyada qruplarını işə saldığını müşahidə etmirik. Bundan əlavə, diversiya-kəşfiyyat qruplarının fəaliyyəti də qeydə alınmır. Lakin arxayınlaşmaq olmaz, çünki düşmən hiyləgərdir. Çerniqov vilayətində hər gün baş verənlər isə artilleriya və pilotsuz uçuş aparatları ilə həyata keçirilən atəş zərbələridir".