Türkiyə ilə İraq arasında neftlə bağlı bir illik müqavilə
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar İraqın neft naziri Basim Məhəmməd Hudayr ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Bayraqdar sosial şəbəkə hesabında məlumat yayıb.
Görüşdən sonra İraq-Türkiyə neft kəmərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə yeni birillik müqavilə imzalanıb. Sənədi Türkiyənin BOTAŞ və İraqın SOMO və NOC şirkətlərinin nümayəndələri imzalayıblar.
Bayraqdar bildirib ki, təxminən yarım əsrdir iki ölkə arasında strateji enerji dəhlizini təşkil edən İraq-Türkiyə neft kəməri ilə bağlı yeni uzunmüddətli müqavilə üzərində iş davam edir:
“Dialoq prosesinin bir hissəsi olaraq, gündə 750.000 barrel neft nəql etməyi hədəfləyən “keçid razılaşması” əldə edilib. İraq-Türkiyə boru kəməri İraq neftinin Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarlarına təhlükəsiz və fasiləsiz çatdırılmasının təmin edilməsində mühüm rol oynayır”.
Qeyd edək ki, Türkiyənin "Türkiye Petrolleri" şirkəti bu yaxınlarda Britaniyanın BP şirkətinin İraqın Kərkük şəhərindəki bir neçə neft yatağının işlənməsində 15 faizlik payını əldə etmək üçün müqavilə imzalayıb.