Dünya
Rumıniya hökuməti Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarır
Rumıniya Rusiyanın diplomatını ölkədən çıxarmaq qərarına gəlib. Oxu.Az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı müvafiq bəyanatda bildirilir. Məlumata görə, rəsmi Buxarest Rusiya istehsalı olduğu iddia edilən üç pilotsuz uçuş aparatının (PUA) Rumıniya Hərbi Hava Qüvvələri tərəfindən ölkənin hava məkanında vurulmasından sonra belə addım atıb. Sənəddə qeyd olunur ki, Rusiyanın səfiri Vladimir Lipayev baş verənlərlə əlaqədar XİN-ə çağırılıb. Diplomatik nümayəndəliyin rəhbərinə Rumıniya tərəfinin qəti etirazı bildirilib. Eyni zamanda, ona rusiyalı diplomatlardan birinin beş gün ərzində ölkə ərazisini tərk etməsi tələb olunan şifahi nota da təqdim edilib. Bundan əlavə, Rumıniyanın Moskvadakı səfiri məsləhətləşmələr üçün Buxarestə geri çağırılıb.
Mənbə
oxu.az