Dünya
KİV: ABŞ-nin narkotik qaçaqmalçılarına qarşı apardığı mübarizə nəticə verməyib
Narkotik daşıdığı iddia edilən gəmilərə qarşı ABŞ Prezidenti Donald Trampın Administrasiyasının həyata keçirdiyi əməliyyatlar Birləşmiş Ştatlara daxil olan kokainin miqdarının azalmasına gətirib çıxarmayıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. Qeyd edilir ki, atılan addımlar ABŞ-də kokainin qiymətinə və təklifinə təsir göstərə bilməyib, sadəcə narkotik alverçilərini yüklərin çatdırılma yollarını şaxələndirməyə məcbur edib. Kartellər artıq sürətli qayıqlardan daha çox imtina edərək iri gəmilərdən istifadə edir və beynəlxalq sulardan qaçaraq, Birləşmiş Ştatların hərbi qüvvələrinin atəş açmaq ehtimalının daha az olduğu sahil xəttinə yaxın hərəkət edirlər. Həmçinin bildirilir ki, qaçaqmalçılar ABŞ hərbçiləri tərəfindən aşkarlanmamaq məqsədilə Kolumbiya-Venesuela sərhədi boyunca gizli uçuş-enmə zolaqlarından qalxan və Qayana ilə Surinama istiqamət götürən təyyarələrdən getdikcə daha sıx istifadə edirlər. Analitiklər vurğulayırlar ki, 2025-ci ilin sentyabrında zərbələrin başlanmasından sonra qaçaqmalçılıq marşrutları pozulsa və kokainin qiymətində artım müşahidə edilsə də, sonradan vəziyyət əvvəlki səviyyəyə qayıdıb. Nəşrin məlumatına görə, müsadirə edilən kokain üzərində aparılan analizlər onun yüksək dərəcədə saf olduğunu sübut edib. Bu göstərici tədarükün sabit qaldığını təsdiqləyir, çünki dilerlərin ehtiyatlarını artırmaq üçün narkotiki durulaşdırmasına ehtiyac qalmır. Qeyd edək ki, mayın sonunda "The New York Times" qəzeti ABŞ-nin narkokartellərə məxsus olduğu ehtimal edilən gəmilərə endirdiyi zərbələr nəticəsində həlak olanların sayının 200 nəfəri keçdiyini xəbər verib.
Mənbə
oxu.az