Dünya
Elbrusda alpinistlərin ölüm səbəbi ilə bağlı Rusiyadan AÇIQLAMA
"Düzgün planlamanın olmaması və əlverişsiz hava şəraiti ilə bağlı proqnoza lazımi reaksiyanın verilməməsi Elbrusda alpinistlərin faciəli ölümünə səbəb olub". Oxu.Az xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında Rusiya Alpinizm Federasiyasının klassik alpinizm komissiyasının rəhbəri Aleksandr Yakovenko deyib. "Bu faciədir. Aydındır ki, hava şəraitini və öz imkanlarını düzgün qiymətləndirməyiblər. Əcnəbi alpinistlər bu vəziyyətin öhdəsindən gələcəklərini düşündülər, öz imkanlarına uyğun seçim etmədilər. Vəziyyəti adekvat təhlil edən Rusiya qrupları geri qayıtdılar. Lakin digərləri, həmçinin kifayət qədər təcrübəsi olan əcnəbi alpinistlər çətinliyi dəf edəcəklərini zənn edərək riskə gediblər". Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, xilasetmə qrupları Elbrusda həlak olan digər bosniyalı alpinistlərin də nəşlərini aşkar ediblər və hazırda onların dağdan endirilməsi üçün müvafiq işlər aparılır. Elbrus dağında sağ qalan alpinistlərdən biri Haris Adiloviç uğursuz dırmanışın səbəbləri barədə danışıb. Oxu.Az xəbər verir ki, bu barədə o "İzvestiya"ya açıqlama verib. Onun sözlərinə görə, qrupda çətinliklər lap əvvəldən yaranıb: bələdçi olmayıb, iştirakçılardan biri çox üşüyüb, buna görə də birinci dəstənin geri qayıtması lazım gəlib. İkinci dəstə isə 100-150 m yüksəklikdən geri dönüb. "Yolun müəyyən bir hissəsində təhlükəsizlik kəndirlərini bağlayıb hündürə doğru irəlilədikdə yuxarıdakı şəraitin qat-qat ağır olduğunun şahidi olduq. Bu səbəbdən də geri qayıtmağa qərar verdik", - deyə o qeyd edib. Adiloviç heyətdə yer alan bütün şəxslərin peşəkar olduğunu vurğulayaraq, onların Bosniya və Herseqovinada mütəmadi olaraq hər həftəsonu məşqlər etdiklərini diqqətə çatdırıb. "Problem bizim hazırlıq səviyyəmizin aşağı olmasında deyildi. Fikrimcə, baş verənlərin əsas səbəbi hava proqnozunun yanlış verilməsi idi", - deyə o, sözlərini yekunlaşdırıb. Xatırladaq ki, daha öncə mətbuat mənbələrə istinad edərək Bosniya və Herseqovinadan gələn beş alpinistin Elbrusdan enərkən həyatını itirdiyini, qrupdan yalnız iki nəfərin xilas olunduğunu bildirmişdi. Həyatda qalan şəxslərdən biri dağdan təkbaşına enərək xilasediciləri çağırıb, digər şəxs isə daha sonra axtarış qrupu tərəfindən aşkar edilib.
Mənbə
oxu.az