Dünya

UNESCO Normandiya çimərliklərini Ümumdünya İrs siyahısına daxil etdi

27 Jul 2026, 07:34 3 baxış
UNESCO Normandiya çimərliklərini Ümumdünya İrs siyahısına daxil etdi
1944-cü il iyunun 6-da müttəfiq qoşunlarının Adolf Hitlerin nasist qüvvələrinə qarşı döyüşmək və Fransanı azad etmək üçün desant çıxardığı Normandiya çimərlikləri UNESCO-nun Ümumdünya İrs siyahısına salınıb. Oxu.Az xəbər verir ki, bu barədə BMT məlumat yayıb. UNESCO öz saytında yayımladığı açıqlamada bildirib ki, Normandiya çimərlikləri 1944-cü il hadisələri və həmin hadisələrin bu günə qədər davam edən yaddaşı ilə formalaşmış müstəsna mədəni landşaft hesab olunur. Buna görə də ərazi qorunan mədəni irs obyekti statusuna layiq görülüb. Müttəfiqlərin "D-Day" desant əməliyyatının keçirildiyi Normandiya sahilləri hər il ABŞ, Böyük Britaniya, Kanada və Fransa liderlərinin iştirakı ilə keçirilən anım mərasimlərinə ev sahibliyi edir. Normandiya əməliyyatında ABŞ, Böyük Britaniya, Kanada, Belçika, Norveç, Polşa, Lüksemburq, Yunanıstan, Çexoslovakiya, Yeni Zelandiya və Avstraliyadan olan hərbçilər iştirak ediblər. Həmçinin təxminən 177 fransız xüsusi təyinatlısı da əməliyyata qoşulub. Bu hücum İkinci Dünya müharibəsi zamanı Avropanın nasist Almaniyasından azad edilməsinin əsas dönüş nöqtələrindən biri hesab olunur. Ümumilikdə 156 115 müttəfiq hərbçi Normandiyaya ya dəniz yolu ilə "Yuta", "Omaha", "Qold", "Cuno" və "Sord" kod adlı çimərliklərə çıxıb, ya da Almaniyanın sahil müdafiə xətlərinin arxasına havadan endirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər