Dünya

Britaniyada tarixdə ilk kimyəvi silah istifadəsi planları aşkar edilib

27 Jul 2026, 03:32 3 baxış
Britaniyada tarixdə ilk kimyəvi silah istifadəsi planları aşkar edilib
Böyük Britaniya Kral Donanmasının 1812-1815-ci illərdə ABŞ ilə müharibə zamanı dünyada ilk dəfə kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı məlum olub. Oxu.Az xəbər verir ki, "The Sunday Times" nəşrinin məlumatına görə, bu barədə məlumat Şotlandiya Milli Arxivində saxlanılan sənədlərdə yer alır. Plan kapitan Tomas Kokreyn tərəfindən irəli sürülüb. Onun ideyasına görə, içərisində kükürd olan xüsusi gəmilər hazırlanmalı idi. Bu gəmilər düşmən gəmilərinin yaxınlığında yandırılmalı və nəticədə yaranan zəhərli qaz qarşı tərəfin dənizçilərinə təsir etməli idi. Sənədləri aşkar edən tarixçi Piter Murun sözlərinə görə, Kokreyn kükürd mədənlərinə baş çəkdiyi 1811-ci ildə zəhərli qaz olan kükürd dioksidindən istifadə ideyasını düşünüb. Plan yüksəkrütbəli hərbi rəhbərlərə, hərbi ekspertlərə və kral ailəsinin üzvlərinə təqdim olunub və təsdiqlənib. Tarixçilər bildirirlər ki, həmin dövrün digər sənədlərində ABŞ donanmasına qarşı istifadəsi nəzərdə tutulan "iylənən gəmilər"dən də bəhs edilir. Lakin kimyəvi hücumlar heç vaxt həyata keçirilməyib. Buna səbəb kimi belə gəmilərin hazırlanmasına mane olan texniki problemlər və ya Kokreynin hərbi xidmətdən uzaqlaşdırılması göstərilir. O, 1814-cü ildə ABŞ sahillərinə göndərilməzdən əvvəl birja saxtakarlığında ittiham olunmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər