Dünya
Kolumbiyada ailəsinin bütün pulunu plastik əməliyyata xərcləyən qadın prosedur zamanı ölüb
Kolumbiyada bir qadın ailəsinin illərlə topladığı bütün vəsaiti plastik əməliyyata xərclədikdən sonra əməliyyat zamanı vəfat edib. Oxu.Az bu barədə "Need to Know" nəşrinə istinadən xəbər verir. Məlumata görə, Kolumbiyanın 31 yaşlı sakini Sara Milena Eçeverriya Alsendra əməliyyat otağına daxil olduqdan bir neçə saat sonra plastik əməliyyat zamanı dünyasını dəyişib. Onun həyat yoldaşı Karlos bildirib ki, Sara tamamilə sağlam olub, bütün zəruri tibbi müayinələrdən keçib və illərdir bu əməliyyata hazırlaşırdı. Ərinin sözlərinə görə, onlar liposaksiya və döş böyütmə əməliyyatı üçün uzun müddət pul yığıblar. Ümumilikdə əməliyyat və sonrakı müalicə xərcləri 20 min ABŞ dollarından çox olub və bu, ailənin bütün yığımı idi. Əməliyyatdan əvvəl həkimlər pasiyentə arıqlamağı tövsiyə ediblər. Sara beş ay ərzində diyetoloqun nəzarəti altında ciddi qidalanma və məşq proqramına əməl edərək 30 kiloqramdan çox çəki atıb. Bundan sonra o, hemoqlobin səviyyəsinin artırılması üçün müalicə də daxil olmaqla, kompleks tibbi müayinələrdən keçib və əməliyyata icazə alıb. Əməliyyatın təxminən yeddi saat davam edəcəyi planlaşdırılırdı. Lakin prosedur başlayandan cəmi iki saatdan bir qədər çox vaxt keçdikdən sonra Karlos həyat yoldaşının vəfat etdiyi barədə məlumat alıb. Onun sözlərinə görə, həkimlər ölümün səbəbi ilə bağlı ailəyə aydın izahat verməyiblər. Yaxınları iddia edirlər ki, əvvəlcə onlara qadının ürəyinin əməliyyat başlamazdan əvvəl dayandığı bildirilsə də, cəsədi gördükdən sonra cərrahi müdaxilənin artıq həyata keçirildiyi qənaətinə gəliblər. Hadisə ilə bağlı Kolumbiya Prokurorluğu araşdırmalara başlayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər