Dünya
Tramp Kanadadan körpüyə görə 50 faiz mənfəət tələb edib
ABŞ Miçiqan ştatı ilə Kanadanın Ontario əyalətini birləşdirən yeni "Qordi Hou" avtomobil körpüsünün istismarı ilə bağlı şərtləri dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib. Tramp körpüdən əldə olunacaq gəlirin 50 faizinin ABŞ-yə verilməsini tələb edib. O bu qərarını Kanada hökumətinin körpünün açılışı münasibətilə ABŞ ilə birgə keçirilməsi planlaşdırılan rəsmi mərasimi ləğv etməsi ilə əlaqələndirib. "Əvvəlki administrasiya tərəfindən böyük çətinliklə əldə edilmiş körpünün tikintisi ilə bağlı ilkin saziş artıq qüvvədə deyil", - deyə Tramp bildirib. Kanadanın infrastruktur nazirinin mətbuat katibi Cenna Qassabenin sözlərinə görə, Ottava Tramp administrasiyasının Kanada məhsullarına 50 faizlik gömrük rüsumu tətbiq etmək qərarından sonra ABŞ-yə göndərilmiş dəvəti geri götürüb. Yeni tariflərin avqustun 19-dan qüvvəyə minəcəyi bildirilir. Körpüdə avtomobillərin hərəkətinin iyulun 27-də açılması planlaşdırılır. Birgə rəsmi açılış mərasimi isə iyulun 24-nə nəzərdə tutulmuşdu. "Reuters"in məlumatına görə, Kanada mərasimi ABŞ nümayəndələrinin iştirakı olmadan keçirib. Kanadalı hokkeyçi Qordi Hounun şərəfinə adlandırılan körpünün tikintisinə 2018-ci ildə başlanılıb. Layihənin dəyəri 4.7 milyard ABŞ dolları təşkil edib və tikinti tamamilə Kanada hökuməti tərəfindən maliyyələşdirilib.
Mənbə
oxu.az