Dünya

ABŞ-də şatdaun təhlükəsi: Dünyanın ən böyük iqtisadiyyatında böhran necə yaranır?

24 Jul 2026, 20:12 1 baxış
ABŞ-də şatdaun təhlükəsi: Dünyanın ən böyük iqtisadiyyatında böhran necə yaranır?
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Konqres oktyabrın 1-dək federal hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsə, hökumətin fəaliyyəti dayandırılacaq. Bəs "government shutdown" (şatdaun) nədir və bu halda nələr baş verir? ABŞ-də vaxtaşırı gündəmə gələn və ölkənin siyasi həyatında ən ciddi böhranlardan biri hesab olunan "government shutdown" - federal hökumətin fəaliyyətinin qismən dayandırılması deməkdir. Bu anlayış hökumətin tamamilə iflic olması mənasını vermir. Belə vəziyyət Konqres federal qurumların maliyyələşdirilməsi üçün büdcəni və ya müvəqqəti maliyyələşdirmə sənədini vaxtında qəbul edə bilmədikdə yaranır. Bu halda maliyyələşdirilməsi dayandırılan dövlət qurumları fəaliyyətini qismən və ya tam dayandırır, minlərlə dövlət qulluqçusu məcburi məzuniyyətə göndərilir, bir qismi isə maaşlarını sonradan almaq şərti ilə işləməyə davam edir. ABŞ qanunvericiliyinə əsasən, Konqresin icazəsi olmadan federal qurumlar dövlət vəsaitini xərcləyə bilməz. Buna görə də hər maliyyə ilinin (1 oktyabr - 30 sentyabr) başlanğıcınadək büdcə qanunları və ya müvəqqəti maliyyələşdirmə haqqında qərar qəbul edilməzsə, "government shutdown" qüvvəyə minir. Şatdaun niyə baş verir? "Government shutdown"un əsas səbəbi siyasi razılaşmanın əldə olunmamasıdır. ABŞ-də büdcənin qüvvəyə minməsi üçün Nümayəndələr Palatası, Senat və prezident eyni sənədi təsdiqləməlidirlər. Dövlət xərcləri, vergi siyasəti, sosial proqramlar, səhiyyə və ya miqrasiya kimi məsələlərdə tərəflər razılığa gələ bilmədikdə maliyyələşdirmə gecikir və nəticədə federal hökumətin fəaliyyəti qismən dayanır. Şatdaun zamanı yalnız maliyyələşdirilməsi dayandırılan federal qurumların işi məhdudlaşdırılır. Milli təhlükəsizlik və insanların həyatı üçün həyati əhəmiyyət daşıyan xidmətlər isə fəaliyyətini davam etdirir. Bunlara Silahlı Qüvvələr, hava limanlarında Təhlükəsizlik Administrasiyası (TSA), sərhəd mühafizəsi, hava hərəkətinin idarə olunması, federal hüquq-mühafizə orqanları və təcili tibbi xidmətlər daxildir. Bu sahələrdə çalışan əməkdaşlar adətən maaşlarını sonradan almaq şərti ilə işləməyə davam edirlər. Bunun əksinə olaraq, milli parklar, muzeylər, bəzi federal agentliklər, statistik məlumatların hazırlanması, qrant proqramları və müxtəlif inzibati xidmətlərin fəaliyyəti müvəqqəti dayandırılır. Tarixdə neçə dəfə baş verib? "Government shutdown" ABŞ tarixində dəfələrlə baş verib. Diqqətçəkən hallar bunlardır: 1980 - Cimmi Karter administrasiyası dövründə ilk müasir şatdaun; 1981, 1984 və 1986 - Ronald Reyqan administrasiyası dövründə üç ayrı şatdaun; 1990 - Corc H.V.Buş administrasiyası dövründə üç günlük fəaliyyət dayanması; 1995 və 1995-1996 - Bill Klinton administrasiyası dövründə iki şatdaun, onlardan biri 21 gün davam edib; 2013 - Barak Obama administrasiyası dövründə 16 günlük şatdaun; 2018 (yanvar) - Donald Trampın ilk prezidentlik dövründə üçgünlük şatdaun; 2018-2019 - 35 gün davam edən şatdaun; 2025 - federal hökumətin fəaliyyətinin 43 gün dayanması ilə yeni rekord qeydə alınıb; 2026 - əvvəlcə ümumi federal hökuməti əhatə edən dörd günlük şatdaun, daha sonra isə Daxili Təhlükəsizlik Nazirliyini (DHS) əhatə edən 76 günlük qismən şatdaun baş verib. Beləliklə, ABŞ-də "government shutdown" Konqresin büdcə ilə bağlı razılığa gələ bilməməsi nəticəsində federal qurumların bir hissəsinin fəaliyyətini müvəqqəti dayandırması deməkdir. Son onilliklərdə bu mexanizm ABŞ siyasi sistemində tərəflər arasında ən sərt siyasi təzyiq vasitələrindən birinə çevrilib və hər dəfə həm ölkə iqtisadiyyatına, həm də milyonlarla amerikalının gündəlik həyatına birbaşa təsir göstərib.
Mənbə oxu.az

Oxşar Xəbərlər