Dünya
Moldova prezidentinin qohumuna qarşı cinayət işi qaldırıldı
Moldovanın Milli Antikorrupsiya Mərkəzi Prezident Maya Sandunun xalası qızı Anastasiya Taburçanunun qanunsuz işə qəbul edilməsi iddiası ilə bağlı cinayət işi açıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova Milli Partiyasının lideri Draqoş Qalbur məlumat verib. "Mən Anastasiya Taburçanu ilə bağlı təqdim etdiyim şikayətə dair Milli Antikorrupsiya Mərkəzindən elektron məktub almışam. Məktubda bildirilir ki, qanunsuz işə qəbul faktı üzrə ona qarşı cinayət işi açılıb", - deyə Qalbur özünün "Telegram" kanalında yazıb. Qalburun sözlərinə görə, Taburçanu "MoldATSA" dövlət aviasiya müəssisəsində mətbuat katibi vəzifəsində çalışdığı dövrdə iş yerinə getmədən aylıq 6.8 min ABŞ dolları məbləğində əməkhaqqı alıb. Maya Sandu isə PRO-TV telekanalına müsahibəsində bildirib ki, iddia olunan qanunsuzluqlar barədə mediadan məlumat əldə edib. Qeyd edək ki, qalmaqaldan sonra Anastasiya Taburçanu tutduğu vəzifədən istefa verib, aldığı vəsaiti geri qaytaracağını və ictimaiyyətdən üzr istəyəcəyini açıqlayıb.
Mənbə
oxu.az