Dünya
AFR hökumətinin tərkibi yenilənir: Mertsdən yeni təyinatlar
Almaniya Kansleri Fridrix Merts hökumətdə və rəhbəri olduğu Xristian Demokratlar İttifaqının (CDU) rəhbərliyində kadr dəyişikliklərini elan edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, F.Mertsin qərarına əsasən, Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) blokunun Bundestaqdakı fraksiyasının rəhbəri vəzifəsindən istefa vermiş Yens Şpanı Kansler Aparatının rəhbəri Torsten Fray əvəz edib. Səhiyyə naziri Nina Varken Kansler Aparatının yeni rəhbəri, CDU-nun baş katibi Karsten Linnemann isə səhiyyə naziri təyin olunublar. Rəqəmsallaşma Nazirliyinin parlament dövlət katibi Filip Amtor (CDU) federal hökumətlə əyalətlər arasında münasibətlərə cavabdeh dövlət naziri vəzifəsini tutacaq. Kansler açıqlamasında bu dəyişikliklərin davam edəcəyini və yaxın vaxtlarda hökumətdə əlavə kadr islahatlarının həyata keçiriləcəyini qeyd edib. Həmçinin, yerli media Kanslerin nəqliyyat naziri Patrik Şnayderin (CDU) də fəaliyyətindən narazı qaldığını, onun da öz vəzifəsindən ayrılmasının gözlənildiyini yazıb. Qeyd edək ki, kadr dəyişikliklərinə Yens Şpanın ABŞ-də surroqat ana vasitəsilə övlad sahibi olması ilə bağlı ictimai müzakirələr fonunda CDU/CSU fraksiyasının sədri vəzifəsindən istefa verməsi səbəb olub. Bu addım Almaniyada qüvvədə olan qanunvericilik və Y.Şpanın əvvəlki siyasi mövqeyi ilə ziddiyyət təşkil etdiyi üçün həm ictimaiyyət arasında, həm də partiya daxilində tənqidlərə səbəb olmuşdu.
Mənbə
oxu.az