Dünya
ABŞ-də "Mercedes"in satışı qadağan edilə bilər
ABŞ Senatına təqdim olunan qanun layihəsi "Mercedes-Benz"ə ciddi zərbə vura bilər. Oxu.Az bu barədə BILD nəşrinə istinadən xəbər verir. Sənəd çinli investorların 15%-dən çox paya sahib olduğu istehsalçıların avtomobillərinin ABŞ-yə idxal edilməsini, həmçinin orada istehsal olunmasını və ya satılmasını qadağan etməyi nəzərdə tutur. "Mercedes"də məhz belə bir vəziyyət yaranıb. "Mercedes" səhmlərinin təxminən 10%-i Çinin BAIC avtomobil istehsalçısına, daha 10%-ə yaxını isə çinli iş adamı Li Şufuya məxsusdur. Lakin "Mercedes" hesab edir ki, ABŞ qanun layihəsinin şamil edildiyi subyektlərə aid deyil, çünki heç bir fərdi çinli səhmdar 10%-dən çox paya sahib deyil. İri səhmdarlar Müşahidə Şurasında təmsil olunmurlar və şirkətin idarə edilməsi ilə bağlı qərarlar qəbul edə bilməzlər. Bundan əlavə, "Mercedes" ABŞ üçün öz əhəmiyyətini də qeyd edib: Bu ölkədə, təxminən 160 000 iş yeri, o cümlədən Taskalusa (Alabama ştatı) və Çarlstondakı (Cənubi Karolina ştatı) iki müəssisə bu konserndən asılıdır. ABŞ "Mercedes" üçün ikinci ən böyük satış bazarıdır. Qanun layihəsi şəbəkəyə qoşulmuş, yəni GPS, "Wi-Fi" və ya mobil rabitə ilə təchiz olunmuş avtomobillərə şamil edilir. Respublikaçılar bu məlumatların Çin dövlətinin əlinə keçə biləcəyindən ehtiyatlanırlar. "Volkswagen" və "BMW" də Çin tədarükçüləri ilə sıx əməkdaşlıq etdiklərinə görə yeni tənzimləmənin təsiri altına düşə bilərlər.
Mənbə
oxu.az