Dünya
Avropa Komissiyası "Google" şirkətini fırıldaqda ittiham etdi
Avropa Komissiyası Rəqəmsal Bazarlar Haqqında Qanunun tələblərini pozduğu üçün "Google" şirkətinə ümumilikdə 890 milyon avro məbləğində cərimə tətbiq edib. Oxu.Az xəbər verir ki, qəbul edilmiş bu qərar hələlik hüquqi qüvvəyə minməyib və şirkətin ondan şikayət etmək hüququ var. Məlumata əsasən, cərimə iki hissəyə bölünür: 1. "Google Search" axtarış sistemində öz xidmətlərinə üstünlük verdiyinə görə - 460 milyon avro; 2. Tətbiq yaradıcılarına istifadəçiləri "Google Play" mağazasından kənarda olan alternativ, əksər hallarda daha ucuz alış üsullarına yönləndirməyə mane olan məhdudiyyətlərə görə - 430 milyon avro. Avropa Komissiyasının məlumatlarına əsasən, "Google" axtarış nəticələrində alış-veriş, hotellər, nəqliyyat və idmanla bağlı öz xidmətlərini ön plana çıxarıb. Onlar rəqiblərdən daha yuxarıda göstərilib və əlavə vizual elementlər, həmçinin filtrlərlə müşayiət olunub ki, bu da kənar xidmətləri qeyri-bərabər rəqabət şəraitinə salıb. Bundan əlavə, komissiyanın gəldiyi qənaətə görə, "Google" tətbiq tərtibatçılarını məhdudlaşdıraraq onların istifadəçilərə öz saytlarında və ya alternativ tətbiq mağazalarında olan daha sərfəli təkliflər barədə sərbəst məlumat verməsinə imkan yaratmayıb. Həmçinin, qurum şirkətin "Google Play" vasitəsilə müştəri cəlb etmək üçün tutduğu komissiya haqlarının həddindən artıq yüksək olduğunu və qanunun tələblərinə cavab vermədiyini müəyyən edib. Avropa Komissiyası "Google"un qarşısına qayda pozuntularını 60 gün ərzində aradan qaldırmaq tələbini qoyub. Şirkət kənar xidmətlərin axtarış sistemində bərabər şərtlərlə nümayiş etdirilməsini təmin etməli, eləcə də tərtibatçılara alternativ alış üsullarını sərbəst şəkildə təşviq etmək və "Google Play"dən kənarda istifadəçilərlə əməliyyatlar aparmaq imkanı yaratmalıdır. Əgər bu tələblər yerinə yetirilməzsə, şirkət qlobal illik dövriyyəsinin 5%-i həcmində əlavə dövri cərimələrlə üzləşə bilər.
Mənbə
oxu.az