Dünya
Britaniyaya uçan təyyarədə kütləvi zəhərlənmə: Pilot 9 min metrlikdə huşunu itirdi
Hindistandan Hitrou hava limanına (Böyük Britaniya) doğru 10.5 saatlıq uçuş edən təyyarə 9 min metr hündürlükdə olarkən pilotlarından biri huşunu itirib və süni tənəffüs aparatına qoşulub. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilir ki, pilotun səhhətində kəskin pisləşmə Hindistandakı hoteldə edilən səhər yeməyindən sonra baş verib. Təyyarə heyətinin digər üzvlərində də oxşar zəhərlənmə simptomları müşahidə edilib, amma onlar öz vəzifələrinin icrasını davam edə biliblər. Həmçinin, digər pilotların da vəziyyətinin Böyük Britaniyaya eniş etdikdən sonra ağırlaşdığı qeyd olunur. Məlumata əsasən, təyyarəçilər hoteldə səhər yeməyi yeyib və küçə satıcısından alınmış qablaşdırılmış su içiblər. Hazırda tibb işçiləri zəhərlənmənin dəqiq səbəbini müəyyənləşdirmək məqsədilə analizlər götürürlər. "British Airways" aviaşirkətindən verilən açıqlamada uçuşun normal qaydada başa çatdığı və sərnişinlərin enişə qədər tam təhlükəsiz şəraitdə qaldığı vurğulanıb.
Mənbə
oxu.az