Dünya
Fransa hökumətində QALMAQAL: Yeni qanun nazirin istefası ilə nəticələndi
Fransa parlamentinin kənd təsərrüfatında əvvəllər qadağan edilmiş pestisidlərin (kənd təsərrüfatı məhsullarına zərər verən həşəratları, alaq otlarını, göbələkləri və gəmiriciləri məhv etmək və ya onlara nəzarət etmək üçün istifadə edilən kimyəvi və ya bioloji maddələrdir - red.) istifadəsinə icazə verən qanun layihəsini qəbul etməsindən sonra ölkənin ekoloji keçid naziri Monik Barbyu istefa verəcəyini açıqlayıb. Oxu.Az xəbər verir ki, nazir bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. "Son 9 ay ərzində mən meşələrimizin qorunması, su və havanın təmizliyi, torpaq resursları və biomüxtəlifliyin müdafiəsi üçün çalışmışam. Bu gün etiraf etməliyəm ki, buna qarşı çıxan qüvvələr o qədər güclənib ki, mənim bu siyasəti davam etdirmək üçün heç bir vasitəm qalmayıb. Bu səbəbdən baş nazirə hökumətdəki fəaliyyətimi davam etdirmək üçün şərtlərin olmadığını bildirdim və bu gün prezidentə istefa ərizəmi təqdim etmək niyyətindəyəm", - deyə nazir mövqeyini izah edib.
Mənbə
oxu.az