Dünya
Nikolas Madurodan xəbər var: Sabiq rəhbər məhkəməsinin tarixi məlum oldu
Narkoterrorizm, silah və narkotik qaçaqmalçılığında təqsirləndirilən Venesuelanın sabiq rəhbəri Nikolas Maduronun işi üzrə məhkəmə prosesi iyulun 22-də Nyu-Yorkda baş tutacaq. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb. Əvvəlcə məhkəmə iclasının iyun ayının 30-na təyin edilməsi nəzərdə tutulmuşdu. Ancaq iyunun 16-da prokurorluq prosesin üç həftəlik təxirə salınması üçün vəsatət qaldırıb. Prokuror Cey Kleyton bu addımı logistika, planlaşdırma problemlərinin həlli və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurəti ilə əlaqələndirib. Nyu-Yorkun Cənub Dairə Məhkəməsinin hakimi Elvin Hellerştayn prokurorluğun bu tələbini qəbul edib. Qeyd edək ki, yanvarın 3-də Amerika Birləşmiş Ştatları Venesuelada irimiqyaslı əməliyyat reallaşdırıb və bunun nəticəsində Nikolas Maduro ilə həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar. Donald Tramp Maduro və Floresin Birləşmiş Ştatlara təhdid yaratmaq və narkoterrorizm ittihamları üzrə hakim qarşısına çıxacaqlarını vurğulayıb. Ölkənin müvəqqəti lideri kimi isə vitse-prezident Delsi Rodriges elan olunub.
Mənbə
oxu.az