Dünya
ABŞ İrana qarşı əməliyyatlarda nə qədər vəsait xərcləyib?
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların dəyəri 37.5 milyard dollar təşkil edib. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset Konqresdə dinləmələrdə deyib. Nazirin sözlərinə görə, bu məbləğə həm indiyədək çəkilmiş xərclər, həm də maliyyə ilinin sonuna - sentyabrın 30-dək gözlənilən xərclər daxildir. Pentaqon bu rəqəmin necə hesablandığına dair təfərrüatı açıqlamayıb. Ötən ay Donald Tramp administrasiyası Konqresdən, əsasən, bu münaqişə ilə bağlı olan 90 milyard dollara yaxın əlavə maliyyə vəsaiti istəyib. Bu tələb demokratların tənqidinə səbəb olub. Senator Petti Mürrey ABŞ prezidentinin eskalasiya və növbəti sonsuz müharibə ilə hədələdiyini bildirib, senator Kirstin Cillibrand isə administrasiyanı münaqişənin gedişatı ilə bağlı ziddiyyətli açıqlamalar verməkdə ittiham edib. Heqset xəbərdarlıq edib ki, əlavə vəsait ayrılmasa, Hərb Nazirliyi hərbçilərin təlimlərini azaltmaq məcburiyyətində qalacaq. O, həmçinin ABŞ-nin hərbi üstünlüyünü qorumaq üçün qurumun 2027-ci il üçün 1.5 trilyon dollarlıq büdcəsinin təsdiqlənməsinə çağırış edib. Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn qeyd edib ki, münaqişə Pentaqonun büdcəsini yükləyir və texniki xidmətin, eləcə də yeni silahların inkişafının maliyyələşdirilməsini çətinləşdirə bilər. Atəşkəsin pozulmasından sonra ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir. İyulun 22-nə olan məlumata görə, ABŞ hərbçiləri ardıcıl 11 gecə İran ərazisini atəşə tutublar. Bundan əlavə, Tramp hədəflərin, o cümlədən enerji obyektlərinin və "Pikaks" yeraltı nüvə obyektinin siyahısının genişləndirilə biləcəyini bəyan edib. Xatırladaq ki, bir müddət əvvəl "Iran War Cost Tracker" portalı Amerika Birləşmiş Ştatlarının İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların xərclərinin 113.3 milyard dollar təşkil etdiyini açıqlamışdı.
Mənbə
oxu.az