Dünya
Rumıniyada Dunay çayının səviyyəsi son 30 ilin minimumuna düşüb - FOTO
Rumıniya ərazisindən keçən Dunay çayında suyun səviyyəsi son 30 ilin ən aşağı həddinə enib. Mövcud vəziyyət hökuməti kənd təsərrüfatında suvarma ilə bağlı məhdudiyyətlər tətbiq etməyə məcbur edib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Avropa Həqiqəti" nəşrinə istinadən məlumat yayıb. Məlumata görə, ötən həftəsonu Dunayın Rumıniya hissəsində suyun həcmi 1996-cı ildən bəri qeydə alınan ən aşağı səviyyəyə çatıb. Rumıniyanın Su Ehtiyatlarının İdarə Edilməsi üzrə Dövlət Agentliyinin açıqlamasına əsasən, iyulun 19-da çayın Rumıniya hissəsində su sərfiyyatı saniyədə 1 700 kubmetr təşkil edib. Halbuki iyul ayı üçün orta göstərici saniyədə 4 700 kubmetrdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, ölkənin cənub-şərq bölgəsində əkin sahələrinin suvarılması üçün fermerlərin suya çıxışına məhdudiyyət qoyulub. Bundan əlavə, dövlətə məxsus "Nuclearelectrica" atom enerjisi şirkətinin iki reaktorunun soyudulması üçün tələb olunan minimum su səviyyəsinin qorunması məqsədilə su anbarına nəzarət gücləndirilib. Su Ehtiyatlarının İdarə Edilməsi üzrə Dövlət Agentliyinin proqnozuna görə, bir sıra bölgələrdə yağan güclü yağışlar nəticəsində iyulun 20-dən etibarən Dunay çayında suyun səviyyəsinin tədricən yüksələcəyi gözlənilir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az