Qadınlarda saç tökülməsinin səbəbi – Mütəxəssis
Saç tökülməsi həm qadınlar, həm də kişilər arasında geniş yayılmış problemlərdən biridir. Kişilərdə saç tökülməsinin ən geniş yayılmış növü genetik mənşəli androgenetik (kişi tipli) tökülmədir. Qadınlarda isə ilk sırada telogen diffuz saç tökülməsidir.
Bu sözləri Axar.az-a açıqlamasında trixoloq Cəmilə Əsgərova saç tökülməsinin səbəbləri, qarşısının alınması və müalicə üsulları barədə danışakən deyib.
Onun sözlərinə görə, qadınlarda bu problemin əsas səbəbləri arasında dəmir çatışmazlığı, hormonal pozğunluqlar və androgenetik (kişi tipli) saç tökülməsi yer alır:
“Qadınlarda dəmir çatışmazlığının əsas əlamətləri arasında halsızlıq, yorğunluq, depressiv əhval, dırnaqların qırılması və saç tökülməsi yer alır. Bir çox pasiyent saç tökülməsi şikayəti ilə müraciət edir və aparılan qan analizləri nəticəsində uzunmüddətli dəmir çatışmazlığı anemiyası aşkar olunur. Saç tökülməsinə qalxanabənzər vəz problemləri, o cümlədən haşimoto xəstəliyi və digər hormonal pozğunluqlar da səbəb ola bilər”.
Ekspert qeyd edib ki, saç tökülməsinin qarşısını almaq üçün ilk növbədə səbəb müəyyən edilməlidir:
“Müalicə üsullarından ən effektiv üsul problemə yönəlmiş üsuldur. Səbəb aşkarlandıqdan sonra ona uyğun müalicə təyin olunur. Gündəlik saç qulluğunda da diqqətli olmaq vacibdir. Saçın tipinə uyğun olaraq yağlı və ya quru saçlar üçün nəzərdə tutulan şampunlardan istifadə edilməlidir. Saçların həftədə 2-3 dəfə yuyulması məsləhətdir, yağlı saçlarda isə hər gün yumaq olar. Gündəlik saç qulluq vasitələri ilə yanaşı, ehtiyac olduqda vitamin terapiyası, plazmaterapiya və pat lazer terapiyası da əlavə edilə bilər”.