İqtisadiyyat
KİV: Aİ Çindən asılılığı azaltmaq üçün "alət" hazırlayır
Avropa İttifaqı (Aİ) mümkün ticarət müharibəsi halında Çindən asılılığı azaltmağa çalışan şirkətlərə dəstək vermək üçün yeni mexanizmin hazırlanmasına başlayıb. Oxu.Az xəbər verir ki, "Bloomberg" bu barədə agentlik mənbələrinə istinadən məlumat yayıb. Hazırda Aİ-nin Pekinlə ticarət kəsiri 360 milyard avronu ötür və bu, üzv ölkələrin hər birinin iqtisadiyyatına mənfi təsir göstərir. Almaniya bu sahədə ən yüksək kəsir səviyyəsini nümayiş etdirir. Bununla yanaşı, Çin Avropanın müdafiə və avtomobil sənayesinin fəaliyyəti üçün vacib olan əsas resurslar - minerallar və çiplər üzərində nəzarəti saxlayır. Aİ-nin strategiyasına aşağıdakılar daxil olacaq: Çini Avropadan idxalı artırmağa təşviq etmək cəhdləri; alternativ təchizatçıların tapılması üçün yeni alətlərin yaradılması; subsidiyalara dair araşdırmalardan fəal istifadə; Pekinin iqtisadi təzyiqinə cavab olaraq tarif və qeyri-tarif sanksiyalarının tətbiqi imkanı. Lakin tələb olunan vəsaitin dəqiq həcmi hələ müəyyən edilməyib və bu baxımdan, planın həyata keçirilməsi maneə ilə üzləşə bilər. Tərəflər danışıqlarda irəliləyiş əldə etmək üçün son tarix kimi oktyabr ayını müəyyən ediblər. Həmin ayda Aİ-nin ticarət və iqtisadi təhlükəsizlik məsələləri üzrə komissarı Maroş Şefçoviçin Çinə səfəri gözlənilir. Onun səfərinin nəticələri Brüsseldə keçiriləcək Aİ liderlərinin növbəti sammitində müzakirələrin əsasını təşkil edəcək.
Mənbə
oxu.az