Dünya
Məsləhətsiz donun sıxıntısı
İsraildə qondarma erməni soyqırımının tanınması ilə bağlı irəli sürülən təşəbbüsün faktiki olaraq gündəmdən çıxarılması Cənubi Qafqaz və Yaxın Şərq geosiyasətinin kəsişməsində baş verən mühüm diplomatik hadisələrdən biridir. Bu uğurun banisi isə Azərbaycandır. Mövcud proses bir daha göstərdi ki, Azərbaycan öz strateji tərəfdaşları ilə münasibətlərində balanslı siyasət yürütməklə yanaşı, həm bu kimi qeyri-konstruktiv addımların qarşısını almaqdan, həm də milli maraqlarına toxunan məsələlərdə prinsipial mövqe nümayiş etdirməkdən çəkinmir. Nə baş vermişdi? İyun ayında İsrailin xarici işlər naziri Gideon Saar qondarma erməni soyqırımının törədildiyini rəsmi olaraq tanıyan qətnaməni İsrail hökumətinə, daha sonra isə parlamentə (Knesset) təqdim edəcəyini bildirmiş, qondarma hadisənin tanınmasının mənəvi və tarixi borc olduğunu qeyd etmişdi. Daha sonra isə Baş nazir Benyamin Netanyahu və hökumət üzvlərinin İsrail tərəfindən erməni soyqırımının tanınması təşəbbüsünü yekdilliklə təsdiq etdiklərini demişdi. Növbəti mərhələdə isə qanun layihəsi parlamentə (Knessent) təqdim olunmalı idi. Türkiyə Xarici İşlər Nazirliyi, öz növbəsində, İsrail hökumətinin qondarma erməni soyqırımını rəsmən tanımaq barədə qəbul etdiyi qərarı qətiyyətlə pisləyən bəyanat yayaraq, Ankaranın rəsmi Təl-Əvivin regiondakı fəaliyyətinə qarşı mübarizəni davam etdirəcəyini elan etdi. Məlumata görə, İsrail Xarici İşlər Nazirliyində qondarma erməni soyqırımının tanınması məsələsinin müzakirəyə çıxarılması təşəbbüsü rəsmi Bakı üçün gözlənilməz olub. Azərbaycan tərəfi hesab edib ki, belə bir addım atılarkən Azərbaycanın həssas maraqları, Ankara-Bakı strateji müttəfiqliyinin mahiyyəti və regionda formalaşan yeni siyasi reallıqlar lazımi səviyyədə nəzərə alınmayıb. Təbii ki, qondarma soyqırımı iddiaları tarixi həqiqətləri əks etdirməyən və erməni lobbisinin siyasi məqsədlər üçün istifadə etdiyi əsassız iddialardır. Həmin dövrdə baş verən hadisələr geniş arxiv sənədləri ilə araşdırılıb və hər hansı bir soyqırımı faktı sübuta yetirilməyib. Bu baxımdan, bu hadisə Azərbaycanın da milli maraqları əleyhinə olsa da, bəyanatlardan da görünən o idi ki, qətnamənin qəbul edilməsi Türkiyə və İsrail arasında, bəlkə də, geri dönüşü olmayan ciddi eskalasiya ilə nəticələnəcəkdi. Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, həm də regionu, hətta dünyanı yeni məngənədən xilas etmiş oldu. Azərbaycanın diplomatik reaksiyası Azərbaycan məsələ ilə bağlı operativ diplomatik fəaliyyət göstərərək öz narahatlığını İsrail tərəfinə çatdırdı. Nazirlik İsrail hökumətinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərarın ciddi narahatlıq doğurduğunu bəyan etdi. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir. Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur. İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq. Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək", - XİN-in bəyanatında qeyd edilib. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi mahiyyət etibarilə ölkəmizin uzun illərdir həyata keçirdiyi xarici siyasət kursuna söykənir. Eyni zamanda, Azərbaycan dost və tərəfdaş dövlətlərin milli maraqlarına toxunan məsələlərdə qarşılıqlı həssaslıq prinsipinin qorunmasının vacibliyini vurğulayır. Məsləhətsiz donun sıxıntısı Azərbaycan və İsrail arasında müxtəlif sahələri əhatə edən və uzun illərə dayanan strateji tərəfdaşlıq mövcuddur. Məhz buna görə də belə həssas təşəbbüsün əvvəlcədən Bakı ilə məsləhətləşmədən gündəmə gətirilməsi konstruktiv tərəfdaşlıq ruhuna uyğun addım sayılmır. Məsləhətli don gen olar deyirlər. Belə görünür ki, Təl-Əvivdə İsrail-Türkiyə münasibətlərində yaşanan gərginliyi daha böyük narazılıq yaradacaq təşəbbüslə həll etməyə çalışdılar. Lakin geosiyasi reallıqlar göstərir ki, Türkiyəyə siyasi təzyiq aləti kimi istifadə edilən bu cür qərarlar yalnız Ankara ilə deyil, Türkiyə ilə müttəfiqlik münasibətlərinə malik olan Azərbaycanla əlaqələrə də təsir göstərə bilər. Üstəlik, söhbət qondarma erməni soyqırımından gedirsə. Azərbaycanlılara qarşı soyqırımlarına imza atan ermənilərin "soyqırımı"na məruz qalmasını tanımaq həm də Azərbaycanın maraqlarına ziddir və rəsmi Bakı tərəfindən ifadə edilən narahatlıq da bu baxımdan haqlıdır. Bakı-Ankara müttəfiqliyi dəyişməz prioritetdir Azərbaycan üçün Türkiyə ilə münasibətlər xarici siyasətin əsas istiqamətlərindən biridir. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini hüquqi müstəviyə daşınıb və strateji əməkdaşlığı daha da möhkəmləndirib. Son hadisələr göstərdi ki, Bakı "bir millət, iki dövlət" prinsipini yalnız siyasi bəyanatlarda deyil, praktik diplomatiyada da ardıcıl şəkildə həyata keçirir. Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqe həm də Ankara ilə strateji həmrəyliyin konkret təzahürüdür. Milli maraqlara əsaslanan siyasət Bu proses Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətini də ortaya qoydu. Bakı nə İsraillə strateji tərəfdaşlıqdan imtina edir, nə də Türkiyə ilə müttəfiqliyinə xələl gətirəcək addımlara göz yumur. Əksinə, Azərbaycan bütün tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması prinsipi üzərində qurur. Məlumatlara əsasən, İsrail daxilində müxtəlif siyasi dairələrin də təşəbbüsün məqsədəuyğun olmadığını hesab etməsi nəticəsində məsələ faktiki olaraq dondurulub. Nəticə etibarilə, baş verənlər Azərbaycanın müstəqil və praqmatik xarici siyasət kursunun növbəti nümunəsidir. Rəsmi Bakı bir daha nümayiş etdirdi ki, strateji tərəfdaşlarla əməkdaşlığı davam etdirməklə yanaşı, milli maraqlarını hər zaman prioritet hesab edir. Məhz bu prinsipial mövqe təşəbbüsün irəliləməsinin qarşısının alınmasında əsas diplomatik amildir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər