Şimali Koreya Rusiyaya nə qədər raket göndərib?
Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsində ən mühüm xarici hərbi texnika tədarükçülərindən birinə çevrilib və Moskvanın artilleriya sursatına olan tələbatının təxminən 25–40 faizini təmin edir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin təqdim etdiyi sənəddə bildirilib.
Qeyd olunur ki, tədarüklərin həcmi və müntəzəmliyi Pxenyan ilə Moskva arasında hərbi-texniki əməkdaşlığın artıq sistemli xarakter aldığını göstərir.
Qurumun qiymətləndirməsinə görə, Şimali Koreya hazırda Rusiyanın xarici silah və hərbi texnika təchizatçıları arasında əsas mövqeyə malikdir və Rusiya ordusunun istifadə etdiyi artilleriya sursatının 2/5-nə qədərini təmin edir.
Məlumata əsasən, 2023-cü ilin iyun ayından etibarən Rusiya Şimali Koreyadan buraxılış qurğuları ilə birlikdə 100-dən çox KN-23 və KN-24 ballistik raketi alıb. Onlardan ən azı 80-i artıq istifadə olunub.
Rusiyanın Şimali Koreya istehsalı olan ballistik raketlərdən ilk qeydə alınmış istifadəsi 2023-cü il dekabrın 29-da baş verib. Həmin gün raketlərdən biri Ukraynanın Zaporojye vilayətindəki bir sahəyə düşüb.