Çarukyana qarşı əməliyyat: evi mühasirəyə alındı
Səhər saatlarından etibarən Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Çarukyanın evində axtarışlar aparılır.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, axtarış təkcə Çarukyanın evində deyil, həm də “Multi Group” konserninə daxil olan bütün şirkətlərdə, eləcə də həmin təşkilatların direktorlarının mənzillərində həyata keçirilir:
“Səhər saatlarından Çarukyanın evi silahlılar tərəfindən mühasirəyə alınıb, hətta axtarış aparılan ərazilər üzərində dronlar da fəaliyyət göstərir”.
Ermənistan istintaq orqanları hadisə ilə bağlı qısa şərh verib:
“Cinayət işi çərçivəsində zəruri istintaq və prosessual hərəkətlər həyata keçirilir. Rəsmi açıqlama daha sonra veriləcək”.
Çarukyanla bağlı axtarışları şərh edən vəkil Yerem Sərkisyan isə onun həbs olunacağını istisna etməyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan Prokurorluğu Ermənistan Mərkəzi Seçki Komissiyasına Çarukyanın toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatət təqdim etmişdi. Lakin vəsatət indiyədək müzakirəyə çıxarılmayıb.