Maraqlı
Bir fincan çay müalicəni puça çıxara bilər - Vacib xəbərdarlıq
Dəmir preparatlarını, qıcolma əleyhinə vasitələri, antidepressantları və antibiotikləri çayla qəbul etmək tövsiyə edilmir. Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru saytına mütəxəssis Natalya Kalaşnikova xəbərdarlıq edib. Ekspert bildirib ki, çay dərmanların orqanizm tərəfindən sorulmasına mane olur. "Çayın tərkibində ona acıtəhər dad verən taninlər var. Onlar dərmanın təsiredici maddələri ilə qarşılaşdıqda kimyəvi reaksiyaya girərək bir-birinə bağlanır və həll olunmayan komplekslər əmələ gətirirlər. Nəticədə bağırsaq divarından keçə bilməyən iri molekullar yaranır. Beləliklə, preparat orqanizm tərəfindən sorulmadan həzm sistemindən keçib gedir və heç bir müalicəvi təsir göstərmir". Natalya Kalaşnikovanın sözlərinə görə, ikinci problem isə çayın tərkibindəki kofeindir. O qeyd edib ki, kofein bəzi hallarda gözlənilməz təsir göstərən güclü stimullaşdırıcıdır. "Kofein qaraciyər fermentlərinin fəaliyyətinə təsir edir. Bunun nəticəsində bəzi dərmanların qandakı konsentrasiyası arta bilər. Bu isə əks təsirlərin riskini artırır və ya əksinə, preparatın müalicəvi təsirini tamamilə zəiflədə bilər". Ekspert vurğulayıb ki, ən düzgün və universal qayda dərmanları adi su ilə qəbul etmək, çay və qəhvəni isə ayrıca içməkdir. Onun sözlərinə görə, dərmanların əksəriyyəti üçün çay və ya qəhvə ilə qəbul arasında 30-60 dəqiqəlik fasilə kifayət edir. Lakin bəzi preparatlar, xüsusən də dəmir preparatları və müəyyən antibiotiklər qəbul edilərkən bu interval daha uzun - ən azı iki saat olmalıdır.
Mənbə
oxu.az