İdman

Kriştianu Ronaldudan milyonları kədərləndirən açıqlama

05 Jul 2026, 23:52 3 baxış
Kriştianu Ronaldudan milyonları kədərləndirən açıqlama
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2026-cı il futbol üzrə dünya çempionatının karyerasındakı son mundial olacağını açıqlayıb. Oxu.Az xəbər verir ki, futbolçunun sözlərini jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində paylaşıb. "Bu mənim sonuncu dünya çempionatım olacaq (gülür). Sonda yaddaqalan insanlar olur. Bizi sevən, onlara xüsusi anlar yaşada bildiyimiz insanlar. Yanımızda çalışan insanları da görürəm. Bunlar möhtəşəm xatirələrdir. Sadəcə hər anın dadını çıxarmaq lazımdır. Bəli, bu mənim sonuncu dünya çempionatım olacaq. Ondan həzz almaq lazımdır", - deyə Ronaldu bildirib. 41 yaşlı hücumçu UEFA Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. O, milli komandalar tarixində, Avropa çempionatlarında, UEFA Çempionlar Liqasında və klublararası dünya çempionatlarında vurulan qolların sayına görə rekordçudur. Ronaldu 2022-ci ilin dekabrından etibarən Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun formasını geyinir. Karyerası ərzində isə Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" klublarında çıxış edib. Portuqaliyalı ulduz beş dəfə "Qızıl top" mükafatına layiq görülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər