İdman
Messi yenidən tarix yaza bilər: "Qızıl top" üçün əsas favorit göstərildi
ABŞ-nin "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə "Qızıl top" mükafatına əsas namizədlərdən biri ola bilər. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb. 2026-cı il dünya çempionatının qrup mərhələsi başa çatdıqdan sonra "The Athletic" portalının versiyasına əsasən, Messi "Qızıl top"un əsas favoritləri siyahısına başçılıq edib. Argentinalı hücumçu turnirdə vurduğu altı qolla bombardirlər siyahısında lider olub və dünya çempionatının qol rekordunu yeniləyib. "Bəli, Avropa klubunda çıxış etmədən də "Qızıl top"u qazanmaq tamamilə mümkündür. Tarixə nəzər salsaq, bunun daha çətin olduğunu görərik. Lakin Avropadan kənardakı bəzi liqaların güclənməsi vəziyyəti dəyişir. "Qızıl top"a gəldikdə isə, mümkünsüz heç nə yoxdur. Texniki baxımdan futbolçunun hansı liqada çıxış etməsindən asılı olmayaraq, istənilən oyunçu bu mükafatı qazana bilər", - deyə mükafatın təşkilatçıları bildiriblər. Təşkilatçılar xatırladıblar ki, 2019-cu ildə ABŞ-nin "Sietl" klubunda çıxış edən Meqan Rapino "Qızıl top"un sahibi olub. O, həmin il ABŞ yığmasını dünya çempionu edib, eyni zamanda turnirin ən yaxşı futbolçusu və bombardiri seçilib. 39 yaşlı Messi "Qızıl top"u ən çox qazanan futbolçudur. O bu nüfuzlu mükafata səkkiz dəfə layiq görülüb. Messi sonuncu dəfə 2023-cü ildə "Qızıl top"u qazansa da, həmin vaxt artıq "İnter Mayami"nin futbolçusu idi. Bununla belə, 2022/23 mövsümünün böyük hissəsini Fransanın PSJ klubunda keçirib. Həmin mövsümdə Argentina millisi ilə dünya çempionu olub və mundialın ən yaxşı futbolçusu seçilib.
Mənbə
oxu.az