İdman

"İlahi at quyruğu" və itirilən dünya kuboku

05 Jul 2026, 21:00 3 baxış
"İlahi at quyruğu" və itirilən dünya kuboku
Daha əvvəl "Arsenal"ın taktikasını analiz edərkən Sun Tzunun müdafiə fəlsəfəsindən danışmışdım. Dünyaya müdafiə futbolunu bəxş edən, bu üslubu bir sənət səviyyəsinə qaldıran ölkə isə hər zaman İtaliya olub. Maldini, Nesta, Kannavaro kimi əfsanəvi müdafiəçilər yetişdirən bu ölkə eyni zamanda Del Pyero, Totti və Paulo Rossi kimi böyük hücumçular da bəxş edib. Amma elə bir futbolçu var ki, onun hekayəsi italyanların kollektiv yaddaşında hələ də yarımçıq qalmış bir sevgi hekayəsi kimi yaşayır: Roberto Baccio. İtaliya futbol tarixində iki dünya çempionluğu xüsusi yer tutur: 1982 və 2006. Hər iki turnirdə italyanlar favorit sayılmırdı. 1982-ci ildə hamının gözü Sokratesli, Zikolu Braziliyada idi. 2006-cı ildə isə turnirin ən yaddaqalan obrazı Zinəddin Zidan oldu. Amma kuboku qaldıran yenə İtaliya idi. Buna baxmayaraq, italyanların ən unudulmaz mundial hekayəsi bəlkə də çempion olduqları illərdə deyil, məhz itirdikləri ildə yazıldı. 1994-cü il dünya çempionatı. İtaliya turnirə inamlı başlamamışdı. Komanda bir çox məqamlarda çətinlik yaşayırdı. Lakin həlledici anlarda səhnəyə bir adam çıxırdı: Roberto Baccio. Nigeriyaya qarşı vurduğu qollarla komandasını məğlubiyyətdən xilas etdi, İspaniya və Bolqarıstanla oyunlarda isə İtaliyanı finala daşıyan əsas fiqur oldu. Milyonlarla italyan üçün o, artıq sadəcə futbolçu deyildi. Ümid idi. "İlahi at quyruğu" ləqəbli Baccio həmin yay dünyanın ən böyük səhnəsində öz dastanını yazırdı. Finalda rəqib Braziliya idi. 120 dəqiqə ərzində qapılara qol vurulmadı və taleyi penaltilər həll etməli oldu. Seriyanın sonuna yaxın bütün gözlər yenə Baccioda idi. O, penaltini qola çevirsəydi belə, İtaliya hələ çempion olmayacaqdı. Amma ümid yaşayacaqdı. Top isə qapının üzərindən keçdi. Bir neçə saniyə ərzində Braziliya dünya çempionu oldu. Futbol tarixinin ən məşhur görüntülərindən biri yarandı: başını aşağı salmış Roberto Baccio. Futbol tarixində çox məğlubiyyətlər olub. Amma bəziləri nəticədən daha böyük məna daşıyır. Çünki həmin məğlubiyyətlər bir insanın bütün hekayəsini kölgədə qoya bilir. Baccio üçün o penalti sadəcə qaçırılmış zərbə deyildi. İnsanların yaddaşında onun möhtəşəm turnirindən daha çox həmin an qaldı. Həyat filmlərdəki kimi olmur. Hər hekayənin xoş sonluğu yoxdur. Bəzən ən böyük qəhrəmanlar da sonda kuboku qaldıra bilmirlər. Və bəlkə də buna görə Roberto Baccionun hekayəsi bu qədər təsirlidir. Çünki insanlar uğursuzluğu deyil, yarımçıq qalmış ehtimalı unuda bilmirlər. Hələ də eyni sual havada qalır: Bəs həyat ona ikinci şansı versəydi?
Mənbə oxu.az

Oxşar Xəbərlər