Yevlaxda ağır qəza: FHN-in əməkdaşları əraziyə cəlb edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax rayonu, Əkşəm kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Axar.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal nazirliyin Aran Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Şevrolet" və "Mersedes" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Mersedes" markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1966-cı il təvəllüdlü Mahmudov Miryunis Miryusif oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.