İdman

"Milan"dan ulduz futbolçuya yeni təklif: Modriçin qərarı nə olacaq?

04 Jul 2026, 18:00 3 baxış
"Milan"dan ulduz futbolçuya yeni təklif: Modriçin qərarı nə olacaq?
Ulduz yarımmüdafiəçi Luka Modriç daha bir mövsüm "Milan"ın formasını geyinmək niyyətindədir. Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, İtaliya nəhənginin rəsmiləri futbolçu ilə birbaşa əlaqə saxlayaraq, yeni mövsümdə ona güvəndiklərini diqqətə çatdırıblar. Hazırda tərəflər yeni müqavilənin detallarını müzakirə etməyə hazırdırlar. Bu prosesdə "Milan"ın baş məşqçisi Ruben Amorimin zəngi həlledici rol oynayıb. Mütəxəssis xorvatiyalı yarımmüdafiəçini öz layihəsinin mühüm bir parçası hesab etdiyini xüsusi vurğulayıb. Hələlik yekun qərar qəbul edilməsə də, 40 yaşlı Modriç "Milan"ın təklifini qəbul etməyə və karyerasını İtaliyada davam etdirməyə daha çox meyillidir. Xatırladaq ki, Modriçin "Milan"la müqaviləsi iyunun 30-da başa çatıb. Təcrübəli yarımmüdafiəçi 2025-ci ilin yayında "Real"dan ayrıldıqdan sonra bu klubun şərəfini qoruyurdu. 2025/26-cı illər mövsümündə Modriç bütün turnirlər çərçivəsində "Milan"ın heyətində 37 oyun keçirib, iki qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Bununla yanaşı, Modriç 2026-cı il dünya çempionatında Xorvatiya yığmasının da formasını geyinib. Onun komandası 1/16 final mərhələsinə qədər irəliləsə də, burada Portuqaliyaya 1:2 hesabı ilə məğlub olub. Yarımmüdafiəçi həmin mötəbər turnirdə 4 qarşılaşmada iştirak edərək aktivinə bir qol ötürməsi yazdırıb. Qeyd edək ki, Modriç 2012-2025-ci illərdə "Real"ın şərəfini qoruyub. Madrid təmsilçisinin heyətində o, altı dəfə Çempionlar Liqasının qalibi olub, 2018-ci ildə isə nüfuzlu "Qızıl top" mükafatına layiq görülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər