Putin NATO-ya qarşı riskli addım ata bilər: Hədəf...
Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşən Prezident Vladimir Putin NATO-nun "qeyri-dost" ölkələrindən birinə, xüsusilə də Polşaya hücum variantını nəzərdən keçirə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Teleqrаf” nəşri məlumat yayıb.
Məlumata görə, Polşa Prezidenti Karol Navrotskiyə yaxın mənbələr bildiriblər ki, Rusiya Polşanın kritik infrastrukturuna zərbə endirə və ya hətta məhdud miqyaslı quru əməliyyatı həyata keçirə bilər. Bu iddiaların ABŞ rəsmilərinin xəbərdarlıqlarına əsaslandığı qeyd olunur.
Nəşr yazır ki, belə bir addımın məqsədi NATO daxilində cavab tədbirləri ilə bağlı fikir ayrılığı yaratmaq, ABŞ ilə Avropa arasında parçalanmaya nail olmaq ola bilər. Ekspertlər bunu "üfüqi eskalasiya" adlandırırlar – yəni təcavüzkarın münaqişəni qəsdən daha bir ölkəyə yaymaq cəhdi.
Eyni zamanda bildirilir ki, Ukraynada təxminən 800 millik (təxminən 1 300 kilometrlik) cəbhə xəttində Rusiyanın vəziyyəti sürətlə pisləşir. Kremlin gündəlik itkiləri təxminən min nəfər ölü və yaralı təşkil edir və bu rəqəm artıq yeni cəlb olunan hərbçilərin sayını üstələyir.
“Ordunun fəaliyyətinin əsas dayağı arxa təminatdır – silah istehsalı və təchizatın həyata keçirildiyi ərazilər. Rusiyanın arxa cəbhəsi öz ərazisidir və Ukrayna pilotsuz uçuş aparatları ilə raketləri hər gün məhz həmin ərazilərə zərbələr endirərək zavodları və neft emalı müəssisələrini hədəfə alır”, - nəşr vurğulayıb.
Məqalədə qeyd olunur ki, Ukraynanın arxa cəbhəsi isə faktiki olaraq bütün Avropadır. Avropa Ukraynanı maliyyə və silahla təmin edir və eyni zamanda Rusiya raketləri və pilotsuz uçuş aparatları üçün əlçatmaz olaraq qalır.
Nəşrin yazdığına görə, Rusiya artıq Avropada "hibrid" hücumlar həyata keçirir. Bunlara London şəhərində anbarda baş verən yanğınlar, Polşanın dəmir yolunda təxribatlar və beynəlxalq kuryer xidmətləri vasitəsilə göndərilən partlayıcı qurğular daxildir.
Lakin materialda vurğulanır ki, bu taktika Avropa hökumətlərini Ukraynaya dəstəyi dayandırmağa məcbur etməyib. Əksinə, son bir il ərzində Avropa Donald Tramp administrasiyası dövründə ABŞ yardımının azalmasını böyük ölçüdə kompensasiya edib.