Cəmiyyət

"Yeddi daş"dan sosial şəbəkəyə yuvarlanan uşaqlıq

03 Jul 2026, 15:40 2 baxış
"Yeddi daş"dan sosial şəbəkəyə yuvarlanan uşaqlıq
Samir İsayev yazır... Parlament sosial şəbəkədə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Vətəndaşların əksəriyyəti bu məsələyə müsbət yanaşır. İnsanlar bununla övladlarını zərərli vərdişlərdən qoruyacaqlarını düşünürlər. Bəs sosial şəbəkə niyə zərərli vərdiş hesab olunur? 1990-ların uşaqları indi deyəcəklərimi çox yaxşı xatırlayarlar. O dövrdə mobil telefon, demək olar ki, əlçatmaz idi. Ona görə də çoxumuz asudə vaxtımızı daha aktiv keçirirdik. "Yeddi daş", "11 tuş", "Ortadaqaldı", "Bənövşə" kimi oyunlar bizim gündəlik həyatımızın vazkeçilməzi idi. Bu, asudə vaxtı keçirməkdən əlavə, sağlam həyat tərzi idi. Bundan başqa, asudə vaxtlarımızda telekanallarda nümayiş olunan tarixi filmlərimizi izləyir, kitablar oxuyurduq. İndiki uşaqların əksəriyyəti Azərbaycan filmlərini nəinki izləyir, heç adlarını da bilmir. Bunun da bir səbəbi boş vaxtlarında uşaqların bütün diqqətini sosial şəbəkələrə yönəltməsidir. Digər tərəfdən, sosial şəbəkələrdə yayımlanan 16+ videolar, məişət mövzulu paylaşımlar azyaşlıların tərbiyəsinə çox ciddi təsir göstərir. Bəzi valideynlər bu təhlükənin fərqində deyillər. Onlar fikirləşirlər ki, övladları sosial şəbəkədə küçəyə nisbətən daha təhlükəsiz şəraitdədirlər. Ancaq düşünmürlər ki, sosial şəbəkələrdə uşağın qarşısına çıxan istənilən neqativ məlumat onun psixologiyasını korlaya, gələcəkdə ciddi sosial problemlərə gətirib çıxara bilər. Bu yaş dövründə uşaqların psixoloji və emosional inkişafı hələ tam formalaşmadığı üçün sosial şəbəkələrin həddindən artıq istifadəsi onların diqqətinə, təhsilinə və ünsiyyət bacarıqlarına mənfi təsir göstərə bilər. Bundan əlavə, uşaqlar kibertəhdidlər, dezinformasiya və zərərli məzmunla qarşılaşmaq riski ilə üz-üzə qalırlar. Fikrimcə, belə məsələlərdə beynəlxalq təcrübədən misal çəkmək hər zaman maraqlı olur. Hazırkı mərhələdə dünya ölkələrində sosial şəbəkələrin uşaqlara zərərli təsirləri ciddi narahatlıq doğurduğundan müxtəlif qanunvericilik tədbirləri müzakirə edilir və qəbul olunur. Məsələn, 2025-ci ilin dekabrında Avstraliyada müvafiq qanun qəbul edilib. Fransa 2026-cı ilin yanvar-mart aylarında uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub. Hazırda müxtəlif ölkələrdə müxtəlif yaşdan belə tənzimləmələrin tətbiqi imkanlarına baxılır. Danimarkada 18, İspaniyada 16, Fransada 15, ABŞ-də federal səviyyədə 17, ştatlarda isə Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yutada 18, Kolorado, Corciya, Luizianada 16, Floridada 14 yaş yanaşmaları, İrlandiyada "Online Safety Code" və Böyük Britaniyada "Online Safety Act" kimi addımlar mövcuddur. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul edib və ya etməkdədir. Xəzərin o tayında Qazaxıstan, Özbəkistanda da analoji qanunvericilik təşəbbüsləri mövcuddur. Norveç 2026-cı ilin sonuna qədər sosial media platformaları üçün yaş məhdudiyyətləri tətbiq etməyi planlaşdırır. Düşünürəm ki, bıçaq, soyuq silah, siqaret satışında tətbiq olunan yaş məhdudiyyətlərinin sosial şəbəkələrə də aid edilməsi çox məntiqli addımdır. Bununla biz övladlarımızı daha bir zərərli vərdişdən qorumuş olacağıq. Bayaq qeyd etdiyim kimi, sosial şəbəkələrə ayrılan vaxt boş hesab olunur. Bunun əvəzində övladlarımız tarixi kinoları izləyə, kitab oxuya və ya idmanla məşğul ola bilərlər. Qeyd edim ki, qanun 12 aydan sonra qüvvəyə minəcək. Bu müddət ərzində yaş yoxlaması tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısının müəyyənləşdirilməsi, maarifləndirmə, məlumatlandırma, təlimlər, texniki həllərin seçimi həyata keçiriləcək. Bununla yanaşı, bu məhdudiyyətlərin maarifləndirmə, rəqəmsal savadlılığın artırılması və valideyn nəzarəti ilə birlikdə tətbiq edildikdə daha səmərəli nəticə verə bilər. Gəlin övladlarımızı sosial şəbəkə vasitəsilə uçuruma yuvarlanmaqdan xilas edək.
Mənbə oxu.az

Oxşar Xəbərlər