Bu uşaqlara smartfon verilməməlidir - Ekspert
Dövlət uşaqların və yeniyetmələrin real həyatda qorunması üçün zəruri tədbirlər görür. Məsələn, məktəblərdə mobil telefondan istifadə qadağandır. Lakin virtual məkanda uşaqların təhlükəsizliyində əsas məsuliyyət valideynlərin üzərinə düşür. Çünki uşaqlara smartfon alınması internetdə zərərli məzmuna çıxışı asanlaşdırır.
Bu sözləri Axar.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı rəqəmsal mühitdə uşaqların qorunması barədə danışarkən deyib.
Onun sözlərinə görə, virtual mühitdə narkomaniya, əxlaqsızlıq, cinayət, şantaj, oğurluq, onlayn qumar və digər təhlükəli məzmunlar geniş yayılıb:
“Qlobal internet sistemlərinə nəzarət imkanları məhdud olduğundan bu risklərin qarşısını tam almaq mümkün deyil. Bu səbəbdən uşaqlar internetdən yalnız valideyn nəzarəti altında və faydalı məqsədlərlə istifadə etməlidirlər. 16 yaşına qədər uşaqlara smartfon verilməməlidir. Onlar internetdən yalnız evdə valideynin telefonu və ya kompüteri, məktəbdə isə müəllim nəzarəti altında istifadə etməlidirlər. Tədris materialları, faydalı məlumatlar və yaşa uyğun məzmun yalnız valideyn və müəllim nəzarəti ilə əlçatan olmalıdır”.
Elçin Bayramlı qeyd edib ki, uzun illərdir dövlət qurumları, psixoloqlar, sosioloqlar və jurnalistlər valideynlərə bu barədə tövsiyələr verirlər:
“Lakin nəticələr göstərir ki, bu tövsiyələr hər zaman nəzərə alınmır. Buna görə də qanunvericilik səviyyəsində məhdudiyyətlərin tətbiqi zərurəti yaranır. Problem təkcə sosial şəbəkələr deyil, internetə nəzarətsiz çıxış imkanı yaradan smartfonlardır”.