Cəmiyyət

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

03 Jul 2026, 14:43 1 baxış
Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Avropa Birliyində Azərbaycana qarşı bir müddət subyektiv yanaşmalar baş alıb getdi. Azərbaycan isə Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bu ağır günlərdə Avropanı neft-qazla təmin edən ölkələr arasında demək olar öncül sıralarda yer aldı.


Bunu Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenin Azərbaycana səfəri ilə bağlı danışarkən deyib.


O bildirib ki, hadisələrin sonrakı inkişafı Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli dövləti olduğunu göstərdi:


“Azərbaycan yeri gəldikdə bu regionda baş alıb gedən bir sıra beynəlxalq hüquq pozuntularına qarşı da qüvvəsini sərf edə və dünyada sülhün, təhlükəsizliyin qorunmasında layiqli töhfəsini verə bilər. Bu məsələdə Prezident İlham Əliyevin ciddi rolu var. Təsadüfi deyil ki, Leyen də səfəri zamanı Azərbaycanın regionda liderliyini və sülh gündəliyinin memarı olduğunu qeyd edərək, Prezident İlham Əliyevin liderliyini xüsusilə vurğuladı. Ümumiyyətlə son zamanlar AB ilə Azərbaycan arasında münasibətlərdə dönüş yaşanmaqdadır. Münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Leyen səfəri zamanı bu məsələyə də toxundu və Azərbaycanı strateji tərəfdaş adlandırdı. Hazırda Avropa Birliyi Azərbaycanla geniş əlaqələr qurmaqda və ölkəmizi öz təsir sferasına cəlb etməkdədir. Bu, hər iki tərəfə - həm AB-yə, həm də Azərbaycana çox böyük mənfəət verəcək, gələcəkdə bütöv Cənubi Qafqazın, ardınca da digər türkdilli ölkələrin AB-yə yönlənməsinə böyük köməklik göstərəcək. Leyenin səfəri çərçivəsində uğurlu danışıqların aparılması, ürəkaçan razılaşmalara gəlinməsi, yaxın perspektivdə Azərbaycan-AB arasında hərtərəfli əlaqələrin möhkəmlənməsi böyük əhəmiyyətə malikdir. Azərbaycan özünün bütün resursları ilə - neft-qaz, kənd təsərrüfatı məhsulları və digər məsələlərlə AB bazarların ciddi töhfələr verə və AB-nin iqtisadi əlaqələrini xeyli möhkəmlədə bilər”.


Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov da bildirib ki, 2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin ölkəmizə səfəri Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir:


“Qlobal geosiyasi proseslərin, enerji bazarlarındakı dəyişikliklərin və regional təhlükəsizlik məsələlərinin beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərdiyi bir dövrdə baş tutan bu səfər tərəflər arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi və yeni istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.


Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə, nəqliyyat-logistika bağlantılarının genişləndirilməsinə və regional sabitliyin təmin olunmasına mühüm töhfələr verən əsas dövlətlərdən biridir”.


Onun sözlərinə görə, Azərbaycanla Avropa Birliyi arasında iqtisadi əlaqələrin davamlı inkişafı da tərəfdaşlığın əsas sütunlarından biridir:


“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa Birliyi Azərbaycanın əsas ticarət tərəfdaşıdır.


Bu fakt ölkəmizin Avropa bazarları ilə sıx inteqrasiyasını, qarşılıqlı iqtisadi maraqların möhkəmləndiyini və ticarət dövriyyəsinin davamlı artdığını göstərir. Enerji, nəqliyyat, logistika, rəqəmsal transformasiya, investisiya və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən birgə layihələr əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.


Son illərdə dünyada baş verən geosiyasi hadisələr enerji mənbələrinin şaxələndirilməsinin və etibarlı tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini daha da artırıb”.


Siyavuş Novruzov onu da qeyd edib ki, Azərbaycan zəngin enerji resursları, etibarlı infrastruktur və üzərinə götürdüyü öhdəliklərə sadiqliyi ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır:


Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi, Avropaya təbii qaz ixracının davamlı şəkildə artırılması və yaşıl enerji sahəsində yeni təşəbbüslər Azərbaycanın Avropa Birliyi üçün strateji tərəfdaş statusunu daha da möhkəmləndirib. Eyni zamanda Xəzər dənizinin böyük bərpaolunan enerji potensialının Avropa bazarlarına çatdırılması istiqamətində həyata keçirilən layihələr gələcək əməkdaşlığın mühüm istiqamətlərindən biri hesab olunur”.

Mənbə axar.az

Oxşar Xəbərlər