Kriminal
Nazirlik nizamsız park edilmiş maşınların sürücülərinə xəbərdarlıq etdi - VİDEO
"Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən avtomobillərin təyin olunmamış yerlərdə, nizamsız park edilməsi səbəbindən baş verən müxtəlif fövqəladə hallar, o cümlədən yanğınlar zamanı xüsusi təyinatlı texnikaların hadisə yerinə yaxınlaşması və çevik döyüş vəziyyətinə gətirilərək operativ müdaxilə imkanları məhdudlaşır". Oxu.Az xəbər verir ki, bu barədə FHN-in avtonəqliyyat vasitələrinin sürücülərinə müraciətində bildirilib. Qeyd olunub ki, ötən gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış kompleksinin ərazisində məişət tullantıları üçün ayrılmış yerdə baş vermiş yanğın hadisəsi də bunu bir daha nümayiş etdirir. Qeyd olunanlarla bağlı FHN sürücülərə bir daha müraciət edərək bildirib ki, yanğın və digər fövqəladə hallar zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların hadisə yerinə maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Mənbə
oxu.az