Maraqlı

Ayrılıqdan sonra niyə bəziləri daha tez toparlanır? - Cavab tapıldı

02 Jul 2026, 04:36 1 baxış
Ayrılıqdan sonra niyə bəziləri daha tez toparlanır? - Cavab tapıldı
Polşanın SWPS Universitetinin psixoloqları aşkar ediblər ki, ağrılı xatirələrin ardıcıl bir hekayəyə çevrilməsi insanlara yaşadıqları təcrübəni daha tez yenidən dəyərləndirməyə və gələcəyə daha nikbin baxmağa kömək edir. Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "PLOS One" elmi jurnalında dərc olunub. Araşdırmada yaxın keçmişdə sevgilisindən ayrılan və hələ yeni romantik münasibət qurmayan 18-30 yaş arası 422 qadın iştirak edib. Sınaq zamanı iştirakçılardan yaşadıqları ayrılıq prosesini nəql etmələri istənilib. İştirakçıların bir qismi səbəb-nəticə əlaqəsinə əsaslanan, ardıcıl süjeti və qəhrəmanları olan bütöv bir hekayə qursalar da, digərləri yalnız situasiyaları qısaca xatırlamaqla və ya təcrid olunmuş faktları qeyd etməklə kifayətləniblər. Nəzarət qrupundakı iştirakçılar isə yalnız keçmiş münasibətləri ilə bağlı sualları cavablandırıblar. Bir həftə sonra keçirilən təkrar sorğu ilə qadınların ayrılığa münasibəti və gələcək eşq həyatı barədə təsəvvürləri qiymətləndirilib. Məlum olub ki, öz keçmiş təcrübəsini tam bir nəqlə çevirə bilən xanımlar vəziyyəti daha dərindən analiz edir və hadisələr arasındakı bağlılıqları daha yaxşı dərk edirlər. Tədqiqatçıların fikrincə, bu proses emosional travmanın daha təfərrüatlı şəkildə emal olunduğunu göstərir və psixoloji çətinliklərin daha səmərəli yolla aradan qaldırılmasına kömək edir. Bundan başqa, hekayə quran qrupdakı şəxslər gələcəklə bağlı planlarından daha çox bəhs edib və nitqlərində gələcək zaman feillərinə üstünlük veriblər. Maraqlı fakt budur ki, öz təcrübəsini hekayələşdirən xanımların yalnız 3.5%-i yeni münasibət qurmaqdan çəkinirdisə, bu prosesi etməyən qrupda bu göstərici 15% təşkil edib. Psixoloqlar qeyd edirlər ki, kədərli xatirələrin öz daxili qəhrəmanları, çətinlikləri və məqsədləri olan tam bir hekayəyə çevrilməsi, neqativ yaşantıların təsirini azaltmaq və hadisələrə fərqli bucaqdan yanaşmaq üçün güclü bir koqnitiv vasitədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər