İdman

Dünya çempionatının ən yaxşı futbolçusu... - Vernidub

01 Jul 2026, 19:07 1 baxış
Dünya çempionatının ən yaxşı futbolçusu... - Vernidub

Mundialın əvvəlində də Fransa və Argentinanı çempionluğa əsas namizədlər hesab edirdim. Hazırda da bu fikirdəyəm. Hər iki komanda yüksəksəviyyəli futbol nümayiş etdirir.


Axar.az xəbər verir ki, bu sözləri "Neftçi"nin ukraynalı baş məşqçisi Yuri Vernidub dünya çempionatı ilə bağlı ölkəsinin mətbuatına müsahibəsində deyib.


Mütəxəssis turnirin əvvəlində mundialla bağlı səsləndirilən tənqidlərin özünü doğrultmadığını vurğulayıb:


“Çempionat başlamazdan əvvəl çoxları turnirin maraqsız keçəcəyini deyirdi. Amma artıq tam fərqli mənzərə yaranıb. Almaniya və Niderland kimi futbol nəhənglərinin mübarizəni erkən dayandıracağını heç kim gözləmirdi. Məni ən çox məyus edən komanda Almaniya oldu. Onların daxili çempionatı dünyanın ən güclülərindən biridir. Buna baxmayaraq, yığma ardıcıl üçüncü dəfə dünya çempionatında 1/4 finala yüksələ bilmədi. Niderland millisinin mundialla erkən vidalaşması da gözlənilməz oldu. Məhz bu cür nəticələr futbolu daha maraqlı edir”.


O, mundialın ən yaxşı futbolçusu adına əsas namizədlər kimi argentinalı Lionel Messi və fransalı Usman Dembeleni göstərib:


“Messi əla formadadır. Üç görüşdə altı qol vurmaq 39 yaşlı futbolçu üçün möhtəşəm göstəricidir. Onun karyerası ərzində qazandığı uğurlar təsadüfi deyil. Fransa millisinin üzvü Osman Dembele də çox yaxşı təsir bağışlayır. Norveçlə matçda het-trik etdi. Məncə, turnirin ən yaxşı futbolçusu məhz bu iki oyunçudan biri olacaq”.


Yuri Vernidub turnirin sürpriz komandaları sırasında Mərakeş, Norveç və Yaponiya millilərini xüsusi qeyd edib:


“Mərakeş əvvəlki dünya çempionatında yarımfinala yüksəlmişdi, bu dəfə də uğurlu çıxışı ilə diqqət çəkir. Norveç də yaxşı təsir bağışlayır. Yaponiya millisinin oyunu isə xüsusilə xoşuma gəldi. Komanda intizamlı futbol oynayır, 3-4-3 sxemini uğurla tətbiq edirdi. Təəssüf ki, Braziliyaya son dəqiqələrdə uduzaraq mübarizəni dayandırdı”.


Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər