İdman
Didye Deşam dünya futbolu tarixinə adını yazdırdı
Fransa milli komandasının baş məşqçisi Didye Deşam dünya çempionatlarının final mərhələlərində qazanılan qələbələrin sayına görə yeni mütləq rekord müəyyənləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb. İsveç yığması üzərində qazanılan inamlı qələbə (3:0) Deşamın məşqçilik karyerasında 17-ci belə uğuru olub. Bu göstərici ilə o, 1964-1978-ci illərdə AFR yığmasına rəhbərlik etmiş mütəxəssis Helmut Şönü geridə qoyub. Bununla yanaşı, Deşam turnirdə keçirilən oyunların sayına görə də Şönün rekordunu yeniləmək şansına malikdir: hazırda fransız mütəxəssisin hesabında 22, alman məşqçinin aktivində isə 25 matç var. Hazırda 57 yaşı olan Deşam 2012-ci ildən Fransa yığmasının sükanı arxasındadır. Onun rəhbərliyi altında komanda bu günə qədər dünya çempionatlarının qızıl və gümüş, həmçinin Avropa çempionatlarının gümüş və bürünc medallarına yiyələnib. Xatırladaq ki, hazırkı dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi bu turnirə iyulun 19-da yekun vurulacaq. Yarışın sonuncu qalibi isə Argentina millisidir.
Mənbə
oxu.az