İdman
Legionerlər yerliləri üstələdilər: Çempionatın yekun futbolçu hesabatı
Azərbaycan Premyer Liqasının 2025/26-cı illər mövsümü yaşıl meydanlara ayaq basan 330 futbolçunun iştirakı ilə yadda qalıb. Oxu.Az xəbər verir ki, mövsümün maraqlı statistikasını Peşəkar Futbol Liqası (PFL) öz rəsmi hesabatında təqdim edib. Mövsüm ərzində heyətində ən çox futbolçuya şans tanıyan komanda 35 oyunçu ilə "Kəpəz" olub. Ən az oyunçu ilə kifayətlənən klub isə "Araz-Naxçıvan"dır (23). Gəncə təmsilçisi, eyni zamanda, 22 nəfərlə ən çox yerli futbolçu oynadan komanda kimi diqqət çəkib. Bu göstərici üzrə ən aşağı nəticə isə cəmi səkkiz yerli oyunçuya güvənən "Neftçi"yə məxsusdur. Çempionat boyu əcnəbi oyunçulara ən çox üstünlük verən komandalar "Sabah", "Qarabağ" və "Neftçi" olub. Onların hər birinin heyətində 17 legioner forma geyinib. Ən az əcnəbi futbolçuya (11) şans verən klub isə "İmişli" kimi qeydə alınıb. Ümumilikdə, mövsüm ərzində yaşıl meydanda tər tökən futbolçuların 163-ü yerli, 167-si isə legioner statusu daşıyıb. Statistika futbolçuların yaş fərqini də ortaya qoyub. Turnirdə iştirak edən bütün oyunçuların ümumi orta yaşı 26.8 olub. Bu rəqəm yerlilərdə 24.8, əcnəbilərdə isə 28.4 təşkil edib. Çempionatın ən gənc oyunçusu 16 yaş 162 günlüyündə "Kəpəz"in formasında debüt edən Raul İsaqov, ən yaşlı oyunçusu isə "Zirə"nin heyətində 35 yaş 219 günlüyündə meydana çıxan Stefan Aka olub. Mövsüm gedişatında beş futbolçu ölkə daxilində iki fərqli klubun forması ilə meydana çıxmağı bacarıb. Bu siyahıda Abdulla Rzayev ("Turan Tovuz" və "Şamaxı"), Anatoli Nuriyev ("Sabah" və "Zirə"), Rauf Rüstəmli ("Sumqayıt" və "Qəbələ"), Sənan Muradlı ("Şamaxı" və "Sumqayıt") və Veysəl Rzayev ("Turan Tovuz" və "Kəpəz") qərarlaşıb.
Mənbə
oxu.az