Maraqlı

Alimlər 11 sentyabr terroru ilə sürətlənmiş qocalma arasında əlaqə aşkarlayıblar

01 Jul 2026, 03:31 1 baxış
Alimlər 11 sentyabr terroru ilə sürətlənmiş qocalma arasında əlaqə aşkarlayıblar
ABŞ-də 2001-ci il 11 sentyabr terror aktlarından sonra xilasedicilərdə yaranan travmadan sonrakı stres pozuntusunun (TSSP) orqanizmin bioloji qocalmasını sürətləndirdiyi və travmadan onilliklər sonra belə xroniki xəstəliklər riskini artırdığı müəyyən edilib. Bu nəticəyə "Stony Brook University" alimlərinin apardıqları tədqiqat əsasında gəlinib. Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Communications" elmi jurnalında dərc olunub. Tədqiqatçılar "World Trade Center" dağıntılarının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş 393 xilasedicinin qan nümunələrini təhlil ediblər. İştirakçılardan 232 nəfərinə travmadan sonrakı stres pozuntusu diaqnozu qoyulub, qalanlarında isə bu psixi pozuntu qeydə alınmayıb. Müqayisəli təhlil zamanı 114 zülal və yeddi metabolitin səviyyəsində əhəmiyyətli fərqlər aşkar edilib. Müəyyən olunan dəyişikliklərin beynin fəaliyyətinə, immun sisteminə, enerji mübadiləsinə, həmçinin hüceyrələrin müdafiə və toxumaların bərpası mexanizmlərinə birbaşa təsir göstərdiyi bildirilib. "Tədqiqat zamanı travmadan sonrakı stres pozuntusundan əziyyət çəkən xilasedicilərdə eyni vaxtda bir neçə orqanın, o cümlədən ürəyin, ağciyərlərin, qaraciyərin və böyrəklərin sürətlənmiş bioloji qocalma əlamətləri aşkar edilib. Bu dəyişikliklər xroniki travmadan sonrakı stres pozuntusu olan insanların nə üçün ürək-damar xəstəlikləri, ağciyər funksiyasının pozulması, idrak qabiliyyətinin zəifləməsi və yaşlanma ilə əlaqəli digər xəstəliklərlə daha çox üzləşdiyini izah edə bilər", - deyə tədqiqat qrupunun rəhbəri Benjamin Luft bildirib. Müəlliflər vurğulayıblar ki, əldə olunan nəticələr travmadan sonrakı stres pozuntusunun təkcə psixi sağlamlıq problemi olmadığını, eyni zamanda bütün orqanizmə təsir göstərən sistemli bir xəstəlik olduğunu göstərir. Bununla yanaşı, alimlər nəticələrin ehtiyatla qiymətləndirilməsinin vacibliyini qeyd ediblər. Onların sözlərinə görə, tədqiqat 11 sentyabr terror aktlarından sonra həm ağır psixoloji travma almış, həm də təhlükəli ekoloji amillərin təsirinə məruz qalmış unikal xilasedici qrupu üzərində aparılıb. Gələcəkdə tədqiqatçılar oxşar bioloji dəyişikliklərin digər ağır travmalar yaşamış insanlarda da müşahidə olunub-olunmadığını araşdırmağı planlaşdırırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər