Cəmiyyət

Kiyevdə 200-ə yaxın yaşı olan binanın zirzəmisində dəhşətli gecə - Ukrayna cəbhəsindən xatirələr - FOTO

30 Jun 2026, 05:00 1 baxış
Kiyevdə 200-ə yaxın yaşı olan binanın zirzəmisində dəhşətli gecə - Ukrayna cəbhəsindən xatirələr - FOTO
- Qarşıdakı gecə, ya da bu günlərdə yenə güclü zərbələr olacaq Kiyevə... Etinasız yanaşma həyəcan siqnallarına, yaşadığın yerdə sığınacaq yoxdursa, get metroda gecələ mütləq... - deyə həmsöhbətim olan Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat idarəsinin əməkdaşı telefonda qulağıma dayanmadan bu sözləri təkrarlayırdı. Tamam başqa məsələyə görə zəng etməyimə baxmayaraq, o, daha çox bu barədə xəbərdarlıq edirdi. Sağollaşıb evə doğru yollandım. Axşam tərəfi idi. Yolboyu əlimdə telefonla sosial medianın yerli seqmentini vərəqləyirdim. Ukrayna Prezidenti Volodimir Zelenskinin də əhaliyə eyni məzmunda çağırışına rastladım. İnsanları həyəcan siqnalları eşidən kimi mütləq sığınacağa getməyə çağıran Zelenski bildirirdi ki, Rusiya növbəti kütləvi zərbələrə hazırlaşır. Bu, ondan sonra idi ki, cəmi bir neçə gün əvvəl Volodimir Zelenski 9 May paradı zamanı Moskvaya hücum etməməklə bağlı vəd verib, istehza ilə Rusiyaya bu paradı keçirməyə icazə verən ironik fərman da imzalamışdı. Bu gün isə videomüraciətində o istehza əvəzinə, Zelenskinin üzündə tamamilə həyəcan dolu çağırış vardı... Evə çatıb rahatlaşmaq istədim. Amma alınmırdı. Dörd ildən çoxdur ki, bu müharibəni yaşayıram. Ən xoşlamadığım hal əvvəlcədən xəbərdarlıq edilən hücumlar idi. Belə anlarda səksəkə daha çox adamı yorururdu. Gecə keçdi. Amma hava həyəcan siqnalları olmadı. "Yəqin bu gecədən keçdi" deyib yerimə uzanıb yuxulamaq istədim. Yuxuya getmişdim ki, gurultulu həyəcan siqnallarının, ardınca da partlayış səslərinə oyandım. Gecə 2 radələri idi... Adətən belə vaxtlar heç nəyə baxmayaraq gecəni evdə yatmağı zirzəmidə oturmaqdan üstün tutsam da, partlayışlar, dron vuran pulemyotlar getdikcə o qədər yaxınlıqda eşidilməyə başladı ki, geyinib düşdüm aşağı. Sığınacaq qonşu binanın zirzəmisində idi. Bu binanın 200-ə yaxın yaşı vardı. Yaşlı nəslin sözlərinə görə, bu müharibəyə qədər sonuncu dəfə bu zirzəmidən 1943-cü ildə sovet qoşunları Kiyevə hücum edib şəhəri almanlardan geri alarkən istifadə edilib...
- İndiki kimi xatırlayırsınız bu qədər, Tanyuşa nənə? - Əlbəttə... Onda mən balaca uşaq idim, amma indiki kimi xatırlayıram... - pilləkənlərdən aşağı düşəndə elə üstünə çıxdığım mövzu da bu oldu. Qonşular artıq orada idi və bu zirzəminin tarixindən danışırdılar. Yeri gəlmişkən, rus dilində söhbət edirdilər. Hətta bir anlıq başımı qaldırdım ki, bu sığınacağa düşən 20-dən çox bina sakini arasında qeyri-ukraynalı ancaq mənəm. Amma hamısı bir-biri ilə rus dilində danışır. Qəribə görünsə də Rusiya raketlərindən, dronlarından qorunmaq üçün... Bura Kiyevin mərkəzə yaxın rayonlarından olan Şevçenko rayonudur. Biz aşağıda sığınacaqda ikən hava zərbələri şiddətlənmişdi. Arada daha bir şiddətli zərbə oldu, sığınacaq belə silkələndi. Yuxarı qalxıb çölə baxdım ki, Azərbaycan səfirliyinin də yaxınlığında yerləşdiyi Lukyanovka ərazisindən böyük tüstü qalxır. Qayıdıb aşağı düşəndə mənimlə birlikdə yaxınlıqdakı binalardan qaçıb gələn, 30-35 yaşlı bir qadın da aşağı düşdü. Hamı ilə salamlaşıb keçib oturdu. Hər kəs "Telegram" kanallarında şəhərə doğru istiqamətlənən raket və dronlarla bağlı xəbərdarlıqları oxuyaraq, bir-biri ilə söhbət edirdi. Bu zaman sonda gələn həmin o qadın Ukrayna dilində əvvəl yanındakına, sonra oturanların hamısına irad bildirməyə başladı: - Rus dilində niyə danışırsınız? Bu, düşmən dilidir, sizə ayıb deyil? - deyərək davam etdi. Ətrafdan bəziləri onu yersiz irad bildirməkdə ittiham etdilər. Az davam edən mübahisədən sonra hamı sakitləşib yenidən zərbə səslərinə qulaq kəsildi. Boş yeri görüb keçib həmin qadının yanında oturdum. Rus dilinə irad bildirən qadının... Bir mövzu salıb söhbətə başladım. Elə Ukrayna dilində soruşdum: - Sizi burada ilk dəfədir görürəm, yəqin təzə köçübsünüz - deyə soruşduqda sözümü ağzımda qoydu: - Mən burada doğulmuşam. Sadəcə müharibə başlayandan köçmüşəm Avropaya, iki gün idi bir sənəd arxasınca gəlmişdim... Bu dəfə də mən onun sözünü kəsib, özümü saxlaya bilmədim: - Qonşulara Ukrayna dilində danışmadıqlarına görə elə irad bildirdiniz ki, elə bildim bütün müharibə boyu ölkəni tərk etməyib qalanlardansınız... - dedim və dərhal anladım ki, özümə dəxli olmayan mövzuya qarışdım. Amma daha demişdim. Onun yanından qalxaraq yuxarı çıxdım. Artıq səhər açılmışdı, zərbələr də səngimişdi. Mən evə qalxana qədər hava həyəcan siqnalı vəziyyəti də bitdi. Üzümü yuyub vurulan yerlərə çəkilişə yollandım. Yolboyu ötən gecəki o tragedikomik paradoksu düşünürdüm. Əlim qaşınırdı ki, götürüb yazım. Çünki bu, ilk deyil. Sanki bir dəb idi. Avropaya köçən ukraynalılar ölkədə qalanlardan daha çox "vətənpərvərlik" nümayiş etdirirdilər.
Bir müddət keçdi. Bu günlərdə ukraynalı peşəkar boksçu Aleksandr Usikin Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü ilə bağlı xəbərlər və fotolar yayıldı. Bu, Trampla Zelenskinin nəinki görüşləri baş tutmadığı, birincinin ikinciyə antipatiyasının da mütəmadi olaraq özünü göstərməsi fonunda baş verdi. Usik görüşün ardınca belə bir açıqlama verdi: "Ukrayna hakimiyyəti qanı dayandırmaq üçün reallıqla hesablaşmalı, qarşı tərəflə danışıqlara oturmalıdır. Bizim hamımızın bir qanımız var və bunun rəngi qırmızıdır". Bu açıqlamanı sosial şəbəkənin Ukraynada olan istifadəçiləri xeyli dəstəklədi. Amma Avropada olan ukraynalı istifadəçilər Usiki linç etməyə başladılar... Mən isə qərara aldım ki, bu yazını yazım. Mübariz Aslanov
Kiyevdə 200-ə yaxın yaşı olan binanın zirzəmisində dəhşətli gecə - Ukrayna cəbhəsindən xatirələr - FOTO Kiyevdə 200-ə yaxın yaşı olan binanın zirzəmisində dəhşətli gecə - Ukrayna cəbhəsindən xatirələr - FOTO Kiyevdə 200-ə yaxın yaşı olan binanın zirzəmisində dəhşətli gecə - Ukrayna cəbhəsindən xatirələr - FOTO Kiyevdə 200-ə yaxın yaşı olan binanın zirzəmisində dəhşətli gecə - Ukrayna cəbhəsindən xatirələr - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər