Alpinistin Bazardüzüdə yaralanması ilə bağlı açıqlama
Bazardüzü zirvəsi istiqamətində alpinist Altay Cəfərovun sıldırımdan yıxılaraq xəsarət alması ilə bağlı Azərbaycan Alpinizm Federasiyası məsələyə münasibət bildirib.
Axar.az xəbər verir ki, federasiyanın baş katibi Sənan Rəsulov Oxu.az-a açıqlamasında bildirib ki, sözügedən yürüş federasiya tərəfindən təşkil edilməyib:
“Yürüş bir qrup həvəskar tərəfindən şəxsi təşəbbüslə həyata keçirilib. İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib”.
S.Rəsulov qeyd edib ki, hadisə anından etibarən federasiya rəhbərliyi yürüş iştirakçıları ilə daim əlaqə saxlayıb və prosesləri yaxından izləyib:
“Hadisənin baş verdiyi ərazidə yürüşü həyata keçirən qrupun digər üzvləri də olub. Zərərçəkən şəxsin yanında qrup üzvlərinin olması ilkin tibbi yardımın göstərilməsi və təxliyə ilə bağlı tədbirlərin operativ şəkildə həyata keçirilməsinə imkan verib”.