Cəmiyyət
"Təhsilin rəqəmsallaşdırılması əsas hədəfdir" - Nazir yeni planları AÇIQLADI
"Təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, "Rəqəmsal məktəb" layihəsi, təhsil pillələri üzrə məlumatların və sənədlərin elektronlaşdırılması istiqamətində işlər görülür, növbəti mərhələdə isə tədrisin tam rəqəmsallaşdırılması nəzərdə tutulur". xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal İnkişaf Şurasının ilk iclasında deyib. Nazir çıxışı zamanı ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və gələcək planlar barədə Birinci vitse-prezident Mehriban Əliyevaya geniş məlumat verib. Emin Əmrullayev bildirib ki, hazırda təhsilin bütün pillələri üzrə məlumat bazasının elektronlaşdırılması mühüm prioritetlərdən biridir. Onun sözlərinə görə, təhsil sənədlərinin tam rəqəmsal formata keçirilməsi və məktəblərin vahid internet şəbəkəsi ilə əhatə olunması prosesi sürətlə davam etdirilir. Şagirdlərin müasir dövrün çağırışlarına hazırlıqlı olması üçün həyata keçirilən layihələrdən danışan nazir "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" proqramlarının əhəmiyyətini vurğulayıb: "Məqsədimiz şagirdlərimizin rəqəmsal bacarıqlarını artırmaqla yanaşı, bu sahədə keyfiyyətli insan kapitalının formalaşdırılmasını təmin etməkdir". E.Əmrullayev qeyd edib ki, növbəti mərhələdə tədris prosesinin özünün də rəqəmsallaşdırılması istiqamətində addımlar atılacaq və bu, ölkə təhsil sisteminin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.
Mənbə
oxu.az