İdman
Braziliya - Yaponiya oyunundan əvvəl qalmaqal: "Volfsburq"un hücumçusu irqçi təzyiqlərlə üzləşdi
Yaponiya yığmasının və Almaniyanın "Volfsburq" klubunun hücumçusu Kento Şioqai Braziliya ilə oyun ərəfəsində sosial şəbəkələrdə irqçilik və təqiblərə məruz qalıb. Buna səbəb futbolçunun Braziliya millisinin gücü və komandanın əsas ulduzu - Neymar barədə söylədiyi fikirlər olub. Oxu.Az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. "Əvvəllər Braziliya güclü idi. Bəs indi necədir? Mənə elə gəlir ki, hazırda Fransa və Argentina güclüdür. Son zamanlar Braziliya barədə o qədər də çox eşitmirəm. Neymar da artıq əvvəlki kimi deyil. Düşünürəm ki, biz hazırda yaxşı çıxış edirik", - deyə yapon futbolçu qalmaqala səbəb olan müsahibəsində bildirib. Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti isə komandanı yalnız futbol barədə düşünməyə çağırıb. İtaliyalı mütəxəssis məsələ ilə bağlı bunları deyib: "Biz bu barədə danışmaq fikrində deyilik, bütün diqqətimizi oyuna və rəqibimizə yönəldəcəyik. Onlara problem yaratmaq və öz səhvlərimizdən qaçmaq üçün yaxşı hazırlaşacağıq. Məsələnin psixoloji tərəfinə aludə olmayacağıq". Qeyd edək ki, dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsi çərçivəsində bu gün baş tutacaq Braziliya - Yaponiya oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mənbə
oxu.az