Kriminal

Avtobusla piyadanı vurub öldürən sürücüyə HÖKM OXUNDU

29 Jun 2026, 18:16 2 baxış
Avtobusla piyadanı vurub öldürən sürücüyə HÖKM OXUNDU
İdarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Samir Mamedovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda təqsirləndirilən şəxsə hökm oxunub: Samir Mamedov üç il sürücülük hüququndan məhrum edilməklə 5 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Qeyd edək ki, zərərçəkən tərəf marşrut xəttinin sahibi olan daşıyıcı şirkətə qarşı mülki iddia qaldıraraq 50 170 manat ödənilməsini istəmişdi. Bu məbləğə maddi və mənəvi təzminat, eləcə də dövlət rüsumları daxildir. Zərərçəkən tərəf məhkəməyə mülki iddiadan geri çəkildiyini bildirib. Xatırladaq ki, hadisə 1 dekabr 2025-ci ildə Binə qəsəbəsi ərazisində qeydə alınıb. Samir Loğman oğlu Mamedov idarə etdiyi "Daewoo" markalı marşrut avtobusu ilə qəsəbə ərazisində piyadanı vurub. Ağır xəsarətlər alan piyada Vurğun Cəlil oğlu Əliyev hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb, Samir Mamedova Cinayət Məcəlləsinin 263-1.3 maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər