İdman
Vinisius Junior nənəsi ilə bağlı xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilmədi
"Real Madrid"in və Braziliya yığmasının hücumçusu Vinisius Junior nənəsinin ona ünvanladığı videomüraciəti izlədikdən sonra göz yaşlarına hakim ola bilməyib. Belə ki, nənəsi onun uşaqlıq illərini xatırlayaraq futbolçuya dünya çempionatının (DÇ-2026) qalan oyunlarında uğurlar arzulayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. "Nənəm mənim həyatımda olduqca mühüm yer tutur. Mən 16 yaşıma qədər onun evində yaşamışam", - deyə Vinisius titrəyən səslə bildirib və qatıldığı verilişdə aparıcının qarşısında ağlayıb. Videonu izlədikdən sonra "Real Madrid"in ulduzu göz yaşları içində etiraf edib ki, çox kiçik mənzildə yaşamalarına baxmayaraq, nənəsi onu ayağa qaldırmaq üçün əlindən gələn hər şeyi edib. "Buna görə də onunla birgə yatmalı olurdum. Sadəcə olaraq söz tapa bilmirəm. O mənim həyat yolumu cızan insandır. İmkan düşdükcə hər zaman onun yanında oluram və hər anı dəyərləndirirəm. Bilirəm ki, bir gün insanlar bu dünyadan köçürlər. Mən xəyalımı gerçəkləşdirmək üçün hər cür fədakarlıq edən nənəm və ailəmlə keçirdiyim hər bir anı yaşayıram", - deyə hücumçu əlavə edib. Qeyd edək ki, DÇ-2026-da Vinisius üç qarşılaşmada meydana çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Braziliya millisi turnirin 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün bu gün Yaponiya yığması ilə üz-üzə gələcək.
Mənbə
oxu.az