Dünya

Rusiyadan Ukraynaya raket hücumu: Bölgələr alov içində - FOTO - VİDEO

27 Jun 2026, 13:50 3 baxış
Rusiyadan Ukraynaya raket hücumu: Bölgələr alov içində - FOTO - VİDEO
Rusiya Ukraynanın Zaporojye, Xerson və Sumı bölgələrinə raket zərbələri endirib, nəticədə 32 nəfər yaralanıb. Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən məlumat verir. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Zaporojyedə iki uşaq da daxil olmaqla, doqquz nəfər xəsarət alıb. Bildirilir ki, aviahücumlar nəticəsində çoxmənzilli yaşayış binası qismən dağılıb, xilasedicilər dağıntılar altından iki nəfəri çıxarıblar. Daha bir zərbə təhsil müəssisəsinin ərazisinə dəyib. Həmçinin qonşuluqdakı yaşayış evləri, şəxsi mülklər və avtomobillər də zərər görüb. Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib ki, bölgənin Rusiya tərəfindən atəşə tutulması nəticəsində 13 nəfər yaralanıb. Bundan əlavə, Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, Rusiya qoşunları şənbəyə keçən gecə bölgənin rayonlarından birinə kütləvi PUA (Pilotsuz Uçuş Aparatı - dron) hücumu edib. Zərbə nəticəsində 10 mülki şəxs yaralanıb. Rusiya qoşunları 27 iyuna keçən gecə Ukraynanın Zaporojye və Xarkov vilayətlərindəki yanacaqdoldurma stansiyalarına zərbələr endirib. Zərbə nəticəsində Zaporojyedə yanacaqdoldurma məntəqəsində qaz çəni və inzibati bina alovlanıb. Xarkov vilayətində Xarkov rayonunun Solonitsevka icmasında iki yanacaqdoldurma məntəqəsi atəşə tutulub. Yanacaqdoldurma məntəqələrindən birində zərbə nəticəsində bina dağılıb, təxminən 400 kvadratmetr ərazidə yanğın baş verib və 10 ədəd texnika zədələnib. Ərazidəki digər yanacaqdoldurma stansiyasının operator binasına ziyan dəyib. Ukraynanın Dnepropetrovsk bölgəsində Rusiyanın gecə hücumu nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb. Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qanja bildirib ki, bölgənin iki rayonuna PUA və aviabombalardan istifadə edərək 30 dəfədən çox zərbə endirilib. O qeyd edib ki, nəticədə 56 yaşlı qadın həlak olub, 13 yaşlı qız və 44 yaşlı qadın yaralanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər